Şeirlər

Nurlana İşıq. Vətən qoxusu

Vətənin qoxusu var?
Kim duyub axı bunu? 
Lap təəccüb qalmışam,
Çiçəyin qoxusu var,
Torpağın da, daşın da,
Elə lap dənizin də.
Müəllim də qəribə
Suallarla çaşdırır,
İndi nə cavab verim?
Ay müəllim, bu sual,
Yaman çətindir, çətin
Bir az düşünüm yenə.
Anamın qoxusu var,
Üç aylıq bacımın da, 
Meyvənin, toxumun da.
Mən qoxladım hər şeyi,
Hətta isti əppəyi.
Amma bilmədim hələ,
O nə qoxudur elə?
Müəllim gülümsəyib
Dedi, ağıllı bala,
Bütün bunlar hamısı,
Vətən qoxuyur elə.