Şeirlər

İsmayıl İmanzadə. Təbiət lövhələri

Küləyə bax, küləyə
Az qalır ki, bayırda
Quzu kimi mələyə.

 

Yağışa bax, yığışa
İstəyir pəncərədən
Keçib evə yığışa.

 

Şaxtaya bax, şaxtaya
Bu gecə gizli-gizli
Naxış vurub taxtaya.

 

Şimşəyə bax, şimşəyə
Pay verməyib odundan
İndiyədək kimsəyə.

 

Buluda bax, buluda
Qaçır ki, dağ başında,
Köynəyini quruda.