Nağıllar, hekayələr

Həbibə Zeynalova. Lalənin məktəbi

Lalə uşaq bağçasından gələn kimi bacısı ona şəkilli kitab və rəngbərəng karandaşlar bağışladı. Lalə bunları görüb çox sevindi. Onları yoldaşlarına göstərmək üçün tələsik həyətə qaçdı.

 

– Uşaqlar, uşaqlar, bura gəlin. Mənim şəkilli kitabım, rəngli karandaşlarım var.

 

Uşaqlar Laləni dövrəyə aldılar. Kitabı vərəqləyib baxdılar. Şəkillər onların çox xoşuna gəldi. Hələ karandaşları demirəm, nə gözəl rəngləri vardı: qırmızı, ağ, yaşıl.

 

Birdən Lalə: – Aha, uşaqlar, gəlin məktəb-məktəb oynayaq, – dedi.

 

Uşaqlar Lalənin fikrini bəyəndilər. Axı məktəbə getmək onların çoxdankı arzusu idi. Amma nə olsun ki, hələ çox balaca idilər.

 

Uşaqlar:


– Oynayaq, oynayaq! – deyə qışqırdılar. Sonra hərə öz evinə qaçıb kitab-dəftər, karandaş gətirdi. Laləni də müəllim seçdilər. Lalə bu işdən çox razı qaldı. Çünki müəllimlik onun ən böyük arzusu idi. Bir dəfə Lalə ikinci sinifdə oxuyan bacısı ilə məktəbə getmişdi.

 

Məktəb onun o qədər xoşuna gəlmişdi ki, o, böyük, işıqlı otaqlarda cərgə ilə oturmuş uşaqlara tamaşa etməkdən doymurdu.

 

Ertəsi gün Lalə yenə də bacısı ilə məktəbə getmək istədi. Amma bacısı onu aparmadı. Dedi ki, hələ balacasan. Lalə bacısının cavabından narazı qaldı. Amma indi uşaqlar onu özlərinə müəllim seçmişdilər. Lalə bacısının müəllimi kimi:

 

– Uşaqlar, oturun, – dedi.

 

Uşaqlar əyləşmək üçün yer axtardılar. Uşaqlar pilləkənlərin üstündə cərgə ilə iki-iki əyləşdilər. Lalə bacısının müəllimi kimi əlindəki şəkilli kitabı açdı və üzünü uşaqlara tutub:

 

– Hə, uşaqlar, kim oxumaq istəyir? – deyə soruşdu. Hamı əlini qaldırdı.

 

Birdən Əziz yerindən qalxdı və:

 


– Müəllim, ver mən oxuyum! – dedi.

 

Lalə kitabı Əzizə verdi. Əziz qaşlarını çatdı, diqqətlə kitabdakı şəkillərə baxıb oxuyan adamlar kimi dodaqlarını tərpətdi. Başına qırmızı ipək lent bağlamış Elmira dedi:

 

– Əziz, bərkdən oxu, biz də eşidək.

 

Əziz özünü itirdi. İndi o nə etməli idi. Oxumağı bacarmırdı. Utandığından başını aşağı salıb:

 

– Axı, mən bərkdən oxuya bilmirəm, – dedi.

 

Lalə Əzizi çətin vəziyyətdən qurtarmaq üçün kitabı ondan aldı. Vərəqlədi, vərəqlədi, şaxta babanın şəklini görən kimi uşaq bağçasında öyrəndiyi “Şaxta baba” şeirini uca səslə əzbərdən oxumağa başladı. Qalan uşaqlar da Laləyə qoşuldular. Sonra onlar “Bahar gəlir”, “Cücələrim” şeirlərini də oxudular. Əziz yoldaşlarından dala qaldığını görüb yaman pərt oldu.

 

Axşamüstü anası Əzizin başına gələn əhvalatdan xəbərdar oldu və sevimli oğlunun saçını tumarlayaraq dedi:

 

– Oğlum, sən çox ağıllısan. Amma tənbəlsən. Sənin yoldaşların səhər tezdən yuxudan durub uşaq bağçasına gedir, orada tərbiyəçilərdən maraqlı oyunlar, gözəl nəğmələr öyrənirlər.

 

Əziz diqqətlə anasını dinlədi. Ertəsi gün o, yuxudan çox tez durdu. Əl-üzünü yudu, təmiz paltar geyindi və anası ilə birlikdə uşaq bağçasına getdi.