Xəbərlər

“Sağlam məktəbli” layihəsi Laçında

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir.

 

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliği və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən layihə çərçivəsində budəfəki görüş Laçın şəhərində yerləşən 2 nömrəli tam orta məktəbin şagirdləri ilə keçirilib.

 

Təxminən 50-yə yaxın müəllim və şagirdin iştirak etdiyi tədbirdə məktəblilərə agentliyin Şərqi Zəngəzur və Qarabağ regional bölmələrinin mütəxəssisləri tərəfindən qurumun fəaliyyət istiqamətləri, qida təhlükəsizliyi anlayışı, qida zəncirinin mərhələləri, istehlakçı hüquqlarının qorunması və bu sahədə ictimai məsuliyyət barədə ətraflı məlumat verilib. Eyni zamanda, şagirdlərə sağlam qidalanma vərdişlərinin böyümə və inkişafda rolu, enerji və zehni fəaliyyətə təsiri, eləcə də dərs zamanı diqqət və yaddaşın gücləndirilməsində əhəmiyyəti izah edilib. Şagirdlərin qida təhlükəsizliyi ilə bağlı xoşagəlməz hallarla qarşılaşdıqda və ya sağlam qidalanma ilə əlaqədar sualları yarandıqda, agentliyin “1003-Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri qeyd olunub.

 

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb.