Aprelin 29-u Beynəlxalq Zəlzələ Qurbanlarının Anım Günüdür
2025-ci ilin aprelində BMT Baş Assambleyası 29 aprel tarixini Beynəlxalq Zəlzələ Qurbanlarının Anım Günü elan edib. Qurum üzv dövlətləri, BMT strukturlarını və beynəlxalq təşkilatları bu günlə bağlı tədbirlərin keçirilməsində əməkdaşlığa çağırıb. Baş Assambleya 2030-cu ilə qədər olan Davamlı İnkişaf Gündəliyinə və 2015-2030-cu illəri əhatə edən Senday Çərçivə Proqramına sadiqliyini bir daha təsdiqləyərək, təbii fəlakətlərin inkişafa ciddi maneə törətdiyini vurğulayıb.
AZƏRTAC-ın məlumatına görə, qəbul edilən öhdəliklər fəlakət risklərinin dərk edilməsi, qarşısının alınması və nəticələrinin yumşaldılmasının insan həyatının qorunması üçün həlledici əhəmiyyət kəsb etdiyini göstərir. Zəlzələlər ən ölümcül fəlakətlərdən biri olmaqla, qəfil baş verir və ağır sosial-iqtisadi, həmçinin psixoloji fəsadlar törədir. Myanma və Əfqanıstandakı son hadisələr infrastrukturun dağılmasını və icmaların məcburi köçünü açıq şəkildə nümayiş etdirir. 1900-cü ildən bəri baş verən 12 böyük zəlzələnin hər biri 50 mindən çox insanın ölümünə səbəb olub ki, bu da bütün fəlakət itkilərinin dörddəbirindən çoxudur.
Zəlzələlər, həmçinin yanğın, sunami və sürüşmələrə yol açır, səhiyyə, təhsil və mənzil fonduna ciddi ziyan vurur. Seysmik zonalarda nəzarətsiz tikinti, infrastrukturun köhnəlməsi və tikinti normalarına əməl olunmaması riskləri daha da artırır.
Beynəlxalq Anım Günü həm həlak olanların xatirəsini yad etmək, həm də “olandan daha yaxşı bərpa etmək” prinsipi ilə hazırlıq səviyyəsini artırmaq üçün bir fürsətdir. Bu çərçivədə dövlətlərə üç əsas istiqamət təklif olunur. Birincisi, zəlzələ riskləri barədə cəmiyyətin biliklərini artırmaq və sağ qalanlara dəstək vermək. İkincisi, tikinti normalarını sərtləşdirmək, məktəblərdə və iş yerlərində hazırlığı təmin etmək, perspektivli planlaşdırma tətbiq etmək. Üçüncüsü, davamlı infrastrukturun qurulması və kritik obyektlərin modernləşdirilməsi üçün maliyyə resurslarını səfərbər etmək.
29.04.2026