Elman Həbib. Ata nağılı
Uşaqlarım, gəlin sizə
Bir nağıl söyləyim mən.
Adı “Ata nağılı”dır
Uydurmuram özümdən.
Doğulduğum o dağlar,
Elə özü nağıldır.
Dağlar düşdü yadıma
Fikirlərim dağıldı.
Torpağın qamçısı tək
Koldan qalxır qulançar.
Qışa bir qamçı çəkər,
Zirvəyə doğru qaçar.
Yağış döyər torpağı
Deyər, oyanın, qalxın.
Göbələkdən papağı,
Olar ana torpağın.
Elə bil göbələklər
Qışda torpağın altda
Qaçıb gizlənən qardır.
Yağış döyüb onları
Torpaq üstə çıxardır.
Yazda siz çiçəklərin
Selinə düşərsiniz.
Bilməyib göyçəklərin
Felinə düşərsiniz.
О deyəcək dər məni,
Bu deyəcək dər məni.
Dostuna, tanışına
Dəstələ götür məni.
Nəbadə çiçəklərin
Felinə düşərsiniz.
Zirvəyə qalxmısınız
Bir də görəcəksiniz.
Sağınızda nərgizlər,
Solunuzda lilipar.
Qarşıda qaymaqgülü
Alışıb yanır par-par.
Novruzgülü uzaqdan
Sizə əl eləyəcək.
Eybi yox, gələn yazda
Görüşərik deyəcək.