Firidun Ağazadə. "Bal" sözü
“Bal” - 1
Çiçəkdən çiçəyə
Qonur arılar.
Ləçəkdən-ləçəyə
Qonur arılar.
Çil-çil, sarıbəniz,
Qonur arılar...
Yaman zəhmət sevən
Olur arılar.
Vızhavız pətəyə
Şirə daşıyır.
Gəzir min çiçəyi,
Gəzir min otu.
Vədə tamamında
Bir də görürsən
Min dərdin dərmanı
Bal hazır oldu.

“Bal” - 2
Dünən Xəzərdə
Qasırğa varmış
Beş bal gücündə.
Cəsur neftçilər
İşə gedirmiş
Tufan içində.
Neçə bal olsa
Tufanın gücü,
Onu ram edər
İnsanın gücü.