Nağıllar, hekayələr

Şel Silversteyn. Səxavətli ağac

Meşədə yoğun gövdəli, qollu-budaqlı alma ağacı vardı. O, balaca bir oğlanla dostluq edirdi. Oğlan hər gün ağacın yanına gəlir, tökülmüş yarpaqları yığıb çələng hörür, tac kimi başına qoyaraq özünü meşənin şahı sayırdı. O, ağacın gövdəsinə dırmaşır, budaqlarında yellənirdi. Yorulanda da ağacın kölgəsində yuxuya gedirdi. Alma ağacı çox xoşbəxt idi.
 
Amma vaxt keçir, oğlan böyüyür və alma ağacı günlərini daha çox təklikdə keçirməli olurdu.
 
Bir dəfə oğlan alma ağacının yanına gəldi. Ağac dedi:
- Bura gəl, oğlan, mənim budaqlarımda yellən, almalarımdan ye, mənimlə oyna, qoy biz yenə xoşbəxt olaq.
- Mən artıq böyümüşəm, ağaclara dırmaşmaq mənə yaraşmaz, - deyə oğlan cavab verdi. - Mən başqa əyləncələr arzusundayam. Amma bunun üçün pul lazımdır.
 
Məgər sən bunu mənə verə bilərsən?
- Mən çox şad olardım, - deyə alma ağacı ah çəkdi. - Amma mənim pulum yoxdur.
 
İstəyirsən, almalarımı dər, apar şəhərdə sat. Onda sənin pulun olar və sən xoşbəxt olarsan!
Oğlan ağaca dırmaşıb bütün almaları dərdi və apardı. Alma ağacı dostunun işinə yaradığı üçün çox xoşbəxt idi.
 
2-ci hissə
Bundan sonra oğlan xeyli müddət meşəyə gəlmədi. Alma ağacı dərd-qəm içində idi, gözü yollarda qalmışdı. Bir gün oğlan gələndə o, sevinclə qışqırdı:
 
-Tezgə buraya, balaca! Mənim budaqlarımda yellən, qoy biz yenə xoşbəxt olaq.
 
- Eh, mən nə hayda, sən nə hayda, - deyə oğlan cavab verdi. - Yaşım keçir, istəyirəm ailəm, uşaqlarım olsun. Bunun üçün ev lazımdır, mənimsə evim yoxdur. Sən mənə ev verə bilərsən?
- Mən çox istəyərdim, - deyə ağac köksünü ötürdü.
- Mənim evim yoxdur. Amma əvəzində budaqlarım var. Onları kəsib apar, özünə ev tik və xoşbəxt ol.
 
Oğlan alma ağacının iri budaqlarını kəsib apardı və özünə ev tikdi. Alma ağacı da bir müddət özünü xoşbəxt hiss elədi.
 
3-cü hissə
Aylar, illər keçdi. Bir gün yenə dostu gəlib çıxdı. O artıq yaşlı kişi idi. Alma ağacı sevinclə dilləndi:
- Gəl bura, dostum. Mənimlə oyna.
- Bunun üçün mən çox yaşlıyam. Oynamağa nə kefim var, nə də halım. İndi bir qayıq düzəldib uzaq-uzaq yerlərə səyahətə çıxmaq istəyirəm. Amma nə edim ki, qayığım yoxdur.
- Mənim gövdəmi kəs, özünə qayıq düzəlt. Sən o qayıqla çox uzaqlara üzüb istəyinə çata bilərsən.
 
Kişi alma ağacının gövdəsini kəsdi, qayıq düzəltdi və uzaqlara üzüb getdi. Alma ağacı isə, buna inanmaq çətin olsa da, çox xoşbəxt idi.
 
 
4-cü hissə
Xeyli vaxt keçdi və kişi yenə alma ağacının yanına gəldi. Onun saçları ağarmışdı, güclə yeriyirdi.
- Bağışla məni, dostum, - deyə alma ağacı onu görcək ah çəkdi, - sənə heç nə verə bilmərəm. Daha almalarım yoxdur.
-Almanı neyləyirəm? - deyə qoca cavab verdi. - Mənim ağzımda, demək olar ki, diş qalmayıb.
- Mənim budaqlarım da qalmayıb, səni yelləndirə bilməyəcəyəm.
 
- Budaqlarda yellənmək üçün mən çox qocayam.
- Gövdəm də yoxdur ki, yuxarı dırmaşasan.
- Mən yuxarı dırmaşmaq üçün də çox qocayam, çox yorulmuşam.
Alma ağacı ah çəkdi:
- Məni bağışla, çox istərdim ki, sənə nə isə verim, amma mənim heç nəyim qalmayıb, mən indi yalnız qoca bir kötüyəm. Bağışla!
- Mənə indi heç nə lazım da deyil. Sakit və rahat bir yer axtarıram ki, oturub dincəlim.
- Neynək, - deyə ağac cavab verdi. - Qoca kötük elə buna daha çox yarayar. Gəl bura, dostum, otur və dincəl.
 
Qoca belə də etdi və alma ağacı yenə çox xoşbəxt idi.