Nağıllar, hekayələr

Süleyman Rəhimov. Ceyran

Ovçu Pirim nəslindən bir ovçu Pirim də vardır. Kür qırağında öz dədə-baba yurdunda yaşayır. O, neçə vaxtdır ki, peşəkar ovçuluğa əlvida edib, öz tüfəngini də dəyəsinin divarına söykəyibdir. Özü də nəvə-nəticəsinə bərk-bərk tapşırıb ki, uçarlardan şahin, laçın, tərlan, turac, kəklik, qırqovula; qaçarlardan da maral, ceyran, əliyə dəyib-dolaşmasınlar. Onları başa salıb, qulaqlarını doldurub ki, bəs görürsünüz nə vaxtdır mən siz əziz nəvə-nəticəmə bu adlardan yaraşdırıb qoymağa başlamışam. Olmaya-olmaya sizdən biriniz ovçuluğa qurşanasınız, adlarını yaraşdırıb sizə qoyduğumuz uçarlara, qaçarlara güllə atasınız, birinə bir cələ, yaxud tələ qurasınız, ya da qaç-qova salıb uçurumdan salasınız.
 
Elə bu tapşırıq zamanı sorğu-sual da başlayır:
— Niyə, baba?
— Çünki balalarım, bizim bu Kür qırağında, o yan Mildə, bu yan Muğanda adlarını daşıdığınız uçarlar da, qaçarlar da tükənməyə başlayıbdır.
— İndi belə olanda əlacımız nədir, baba?
— Əlacımız qalanlarını göz bəbəyi kimi qorumaqdır. Gərək onların hər birisi vətənimizdə artsın, çoxalsın, gizlin-gizlin gəzən tazılı-tulalı namərd ovçuların da qabağına qanunlardan sədd çəkilsin.
— Demək, ovçu Pirim babamız buyurur ki, tələf edilməyi qadağan edilən uçarlara, qaçarlara qəsd edənləri tutub silahlarını əlindən alaq, özlərini də divana çəkib, bir müqəssir kimi qanun qabağında dayandıraq?
— Bəli, bəli, balalarım, — deyə Pirim baba göy damarlı əlini ağ saqqalına çəkdi, təkrar-təkrar tapşırıb nəql etdi ki, qədimlərdə ovçu pirimlər qayda-qanunla ova gedərlərmiş. Öz adət-ənənələrinə sadiq imişlər. Ovçuluqda namərdlik edənlərə, yumurta üstündə kürt yatan, cücə çıxaran uçarlara, bala gözləyən və ya bala gəzdirən qaçarlara əl qaldıran kəmfürsətlərə qarşı vuruşarlarmış. Onlar qışda, qar-qiyamətdə aclıq çəkən quşlara dən verib, heyvanlara ələf yetirərlərmiş. Yayın qızmarında qaçarların oylaqlarında quraqlıq baş verəndə nəmli yerlər tapar, qazıb çeşmə çıxararlarmış. Ovçu pirimlər uçarları, qaçarları məhv edən vəhşiləri — acgöz canavarları, hiyləgər tülküləri, marıqda duran, girəvə gözləyən çaqqalları qırarmışlar.
 
 
Pirim babanın nağıllarından nəvə-nəticəsi görürdülər ki, bəs onların ulu əcdadları necə də mərd ovçular olublarmış. Necə də ovda qayda-qanun yaradıblarmış, necə də Vətən torpağını bəzəyən uçarların, qaçarların havadarları imişlər...
 
Soruşa bilərlər: "Bəlkə, onlar çölə əliboş çıxıb, evə də əliboş qayıdarmışlar?" Belə olsaydı, onlara heç kim ovçu pirimlər deməzdi. Onlar ancaq vaxtına görə ovlayarmışlar, quşlayarmışlar. O vaxt ki, uçarlar yerləri də, göyləri də doldurarmış. Qırqovullar turaclara, turaclar kəkliklərə qarışarmış. Qaçarlara gəlincə, ceyranlar marallara, marallar əliklərə qarışıb sürü-sürü otlayarmış, artımın haqq-hesabı olmazmış.
— Bəs indi necə, Pirim baba?
— İndi əbəs yerə mən ovçu Pirim ovçuluğa əlvida edib ov tüfəngimi bir qırağa qoymamışam.
— Bəlkə ovçu Pirim nəslinin qədimdən üzü bəriyə gələn ovçuluğu burada qurtaracaqdır?
— Yox, balalarım.
— Bəs bir də ovçuluq haçan başlayacaqdır?
— O zaman ki, bizim Kür qırağı, o yan Mil, bu yan Muğan, küllən bütün aranlı-dağlı Azərbaycan uçarlar, qaçarlarla dolacaqdır.
— Ona qədər nə etmək lazımdır, baba?
— Ona qədər olan ovları qorumaq, artırmaq, bəsləmək, indi görünən boşluğu doldurmaq gərəkdir.
 
Ovçu Pirim babanın bu nəsihətlərini nəvə-nəticəsi diqqətlə dinləyirdilər, bacardıqca can-başla bütün buyruqlarına əməl edirdilər. Onlar Kür qırağının meşələrində gözə dəyən uçarlara, qaçarlara qulluq edirdilər, dən səpib, yem qoyub gedirdilər. Beləliklə, get-gedə bu yerlərdə quşlar da, heyvanlar da insanlardan qaçmırdılar. Adamlarla ülfət bağlayıb, az qala əhlilləşirdilər. Görürdülər, ovçu Pirim tüfəngini o vaxt əlinə götürür ki, canavarlar, tülkülər, çaqqallar ceyran kimi biçarələrə hücum edir, parçalayıb tələf edirdilər. Bu qayda ilə əfsanəvi qoruq düzəlirdi. Başqa yanlardan qaç-qova salınan, gülləyə tutulan quşlar da, heyvanlar da bu qoruğa gəlirdi. Burada özlərinə sığınacaq tapırdılar. Bu qəribə əfsanəvi qoruğu Pirim baba da, onun nəvə-nəticəsi də bərk qoruyurdular. Get-gedə qoruq da genişlənirdi. Bəli, ovçu Pirim baba yatmır, naxoşlamaq bilmir, qışda belə qalın kürkünə girmir, bacardıqca öz qoruğunu yadlardan qoruyurdu. Bir dəfə belə bir əhvalat baş verdi. Birdən bir yaralı ana ceyran qaça-qaça özünü güc-bəla ovçu Pirim qoruğuna çatdırdı.
 
Ovçu Pirim çoxdan qırağa qoyduğu tüfəngini götürüb qan izi ilə getdi. Bir də gördü ki, budur, iki nəfər yanları tazılı-tulalı, əlləri silahlı namərd üzü bəriyə cumur. Bu vaxt Pirim baba öz tüfəngini hərləyib, bu namərdlərin döşlərinə tuşladı. Namərdlər ayaq saxlayıb yerlərində mıx kimi durdular:
— Qoca, qudurmamısan ki?
— Quduran qanun pozanlardır.
— Nə qanun, qoca?
— Ovçuluq qanunu.
— Qanun kağız üstündədir, Kür qırağında deyil, əpriyən qoca.
— Qanun hər yerdədir, kəmfürsətlər... Qanun bizim torpağımızda tükənməkdə olan uçarları, qaçarları sizin kimi namərdlərdən qorumaq, bəzək-düzəyini itirən torpağımızın şöhrətini özünə qaytarmaq üçündür.
— Sən bir qanunpərəst qocaya bax, — deyə onlar istehza başladılar, — Özü də saç-saqqalından və bığından keçmişdəki sehrkar dərvişlərə oxşayır.
— Sehrkar dərvişlər indi sizin kimi yanı tazılı-tulalılar, azad uçarların, azad qaçarların qoruğuna əldə silah basqın edənlər, ana ceyranın qanını töküb bala ceyranı yetim qoyanlardır.
— Qoca, sən çox da təhqirə keçmə.
— Yoxsa nə olar, dələduzlar?
— Sənə çox baha oturar, qoca.
— Qoy baha otursun, — deyə ovçu Pirim əlini tüfənginin tətiyinə atmağa hazırlaşanda tulaları dallarına qısılan kəmfürsətlər kəkələdilər.
— B...iz də öz silahlarımızı işə sala bilərik, q...oca.
— Kim əl tərpətsə, bir göz qırpımında köpək kimi gəbərəcəkdir.
— Məgər sən buyuran qanun belə xüdsəranlıqdır?
— Bu qanun biz ovçu Pirimlərin daş kitabələrində yazılıbdır.
— Bəlkə, sən əfsanəsən, qoca?
— Yox, mən həqiqətəm, bu günəm.
— Sənin törəmələrin necə?
— Hamısı bu günün vətəndaşlarıdır.
— Bəs tərbiyələri?
— Məhz bu günün cavanlarıdır.
— Bəs biz haralıyıq, haradan gəlmişik?
— Hər haralı, hər haradan gəlmiş olsanız da bu günün qanunlarına qarşı çıxan tazılı-tulalı başıpozuqlarsınız.
— Pah atonnan, bu qocanın lap qarnı dolubdur ha.
— Mən bu qanı axan ana ceyranın da, bunun yetim balasının da yolunda kəmfürsətlərin qanlarını tökməyə hazıram.
— Demək, daha bizi bu qoruq səmtinə qoymayacaqsınız?
— Bu dörd həndəvərdən, ceyranı, turacı, kəkliyi, qırqovulu tükənən bütün bu torpaqdan öz ala-bula tazı-tulanızla birgə həmişəlik rədd olun gedin...
 
Pirim babanın səsini eşidib onun nəvə-nəticəsi, kimi əldə silah, kimi qədim sayaqda əldə yaba, balta, çomaq tökülüb gəldi. İşi belə görən namərdlər öz tazı-tulaları yanında biryolluq cəhənnəmə rədd oldular. Qanad-qanada verən quşlar, boyun-boyuna söykənən heyvanlar təhlükənin sovuşduğunu duyurmuş kimi minnətdarlıqla Pirim babanı dövrəyə aldılar... Elə bu zaman Ceyran adlı bir qız yetim bala ceyranın başını tumarlamağa başladı:
— Sənə süd verəcəyəm, körpə ceyran.
 
Pirim baba yetim körpə ceyranı görüncə kövrəldi, titrək əli ilə qırmızı qalstuklu qızın qumral hörüklərini tumarladı, alnından öpdü.
— Ceyran ceyranı sevməlidir, bəsləməlidir, çoxaldıb birə yüz artırmalıdır.
— Bəli, baba, mən də Ceyranam, bu da.
— Siz adaşsınız, qızım.
— Anam deyir ki, Ceyran adını sənə ovçu Pirim baban özü qoyubdur.
— Düzü, balalarım, sizin adınızı bu uçarların, qaçarların adından özüm götürüb, özüm yaraşdırıb, özüm qoymuşam.
— Nəyə görə axı, ay baba?
— Ona görə ki, mənim ceyran qızım, torpağımızın belə xeyir-bərəkətli qaçarlarıyla, uçarlarıyla qardaş-bacı olasınız, adaşlığın qədrini biləsiniz.
 
— Baba, mənim böyük bacım Turac da turacları sevir.
— Necə sevir, ceyran bala?
— O, turaclara dən-su verir.
— Bəs Kəklik bacın necə?
— Kəklik bacım da kəkliklərlə dostlaşıbdır, baba. Hələ Şahin oğlan da şahinlə, Tərlan da tərlanla dostlaşmağa başlayıb. Maral maralla bacılıq olub.
— Bəs bir-birləri ilə necə, ceyran qızım?
— Başa düşmədim, baba?
— Yəni Şahin, Tərlan turaclara, kəkliklərə daş atıb üstlərinə cummurlar ki?
— Pirim babanın qoruğunda uçarlarla qaçarlar qardaş-bacı olublar.
— Ona görə ki, ceyran qızım, onlar yaman günün dostlarıdır. Bizim bu əfsanəvi Kür qoruğunda yerdə də, göydə də öz düşmənlərinə qarşı birləşiblər.
— Baba, izin verin bu ceyran balası həmişə mənimlə qalsın.
— Qalsın, qızım. Qoy doğma qızımız Ceyran bu körpə ceyranla qalsın. Ceyranlar bahəm ömür sürsünlər. Bir-birinə çox yaraşırlar. Qoy onu ovçu pirimlər nəslinin bütün ov qoruqları qorusun. Qoy barlı-bərəkətli Azərbaycan torpağı belə gözəl-gözəl uçarlarla, gözəl-gözəl qaçarlarla dolsun, dolsun...