Xəbərlər

Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə uşaq yazarları ilə görüş

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş tədbir təşkil olunub.

 

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, dünyanın bir çox ölkəsində qeyd olunan bu əlamətdar gün uşaq ədəbiyyatının əhəmiyyətini vurğulamaq, balacalarda mütaliə sevgisini formalaşdırmaq və onların intellektual inkişafına töhfə vermək məqsədi daşıyır.

 

Kitabxananın direktoru Şəhla Qəmbərova bildirib ki, Beynəlxalq Uşaq Kitabı Günü uşaqların kitabla dostluğunun möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. O qeyd edib ki, kitabxana tərəfindən hər il bu günün qeyd olunması uşaqların mütaliəyə marağını artırmaqla yanaşı, onların dünyagörüşünün zənginləşməsinə xidmət edir.

 

Tədbir çərçivəsində Azərbaycan və dünya uşaq ədəbiyyatının seçmə nümunələrindən ibarət zəngin kitab sərgisi açılıb. Nağıllar, hekayələr, ensiklopediyalar və digər maarifləndirici nəşrlər şagirdlərin böyük marağına səbəb olub.

 

Günün ən yaddaqalan məqamlarından biri tanınmış uşaq yazarları - Bəhram Bağırzadə, Lalə Umud, Elnarə Cahan, Elvira Məmmədova, Humayun Sevinc və rəssam Fuad Manafovla keçirilən görüş olub. Müəlliflər öz yaradıcılıqları haqqında məlumat verib, uşaqların suallarını cavablandırıblar.