Odlar Yurdu

Sahil bağı – tarixi binalar arasında yaşıl məkan

Bakının mərkəzi hissəsində, Xaqani küçəsinin, Bülbül prospektinin, Üzeyir Hacıbəyli və Rəşid Behbudov küçələrinin kəsişdiyi ərazidə, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının qarşısında yerləşən bu bağ tarixi tikililərlə əhatə olunub.

 

Bağın perimetri boyunca Azərbaycanın mədəniyyət xadimlərinin adlarını yaşadan binalar yerləşir. Buradakı evlərin birində 1937-ci ildən 1967-ci ilə qədər Azərbaycan opera müğənnisi, SSRİ Xalq artisti Bülbül yaşayıb.

 

Parkın mərkəzində Şərq üslubunda tikilmiş, fincan şəkilli, üçpilləli böyük fəvvarə yerləşir. Bağın ərazisindəki çoxillik ağaclar arasında palma, çinar, göyrüş və digər növlər üstünlük təşkil edir. Ümumi sahəsi 22 min kvadratmetrlik olan parkda 2009-cu ildə əsaslı təmir işləri aparılıb. Bağda kompüterlə idarə olunan və italiyalı mütəxəssislər tərəfindən hazırlanmış 3 yeni fəvvarədən ibarət kompleks quraşdırılıb.

 

Paytaxtımızın sakinləri və qonaqları bu əsrarəngiz bağda həm dincəlir, həm də şəhərin mərkəzindəki bu müasir istirahət məkanının gözəlliyindən zövq alırlar. Sahil bağı həm istirahət, həm də aktiv yaşam üçün Bakının ən sevilən məkanlarından birinə çevrilib.