Oqtay Rza. Baldan şirin
Çalınıram saz kimi,
Fərəhim birə mindir;
Balamın təbəssümü
Açılan səhərimdir.
Qonşu da tar kökləyib-
Nəvəsi iməkləyib;
Atalar gözəl deyib:
"Bala baldan şirindir".
Gül-çiçək xonça-xonça,
Dərin, yığın doyunca!
Bayrağım daim uca,
Sevgim göydən dərindir.
Gözü dolar buludun,
Odu da var buludun.
Keçmiş nəhəng palıdın,
Sabah pöhrələrindir.
Susuz bağ, çəmən olmaz,
Sünbülüm dən-dən olmaz;
Körpəsiz Vətən olmaz,
Vətən körpələrindir!
05.11.2025