Teymur Elçin. Yaşar sənət seçir

Kiçik Yaşar
Hər gün tezdən oyanır.
Sərhəd qurur,
Keşiyində dayanır.
Gah atılır
Əlindəki avtomat,
Gah kişnəyir
Altındakı köhlən at.
Sərhədçidir,
Yaşıl papaq başında.
Sərhədçidir
Yaşar düz beş yaşında.
Neçə gündür
Maşın sürür: du-du-du.
Yəqin ki, bu,
Təzəcə bir arzudu.
Maşınında
Keçir uzaq yolları,
Qovur qaçan
Ağacları, kolları.
Bu sürücü
Yaxşı sürür maşını,
Bitirməyib
Hələ altı yaşını.

Yenə nədir,
Səs-küy qopub həyətdə.
Elə bil ki
Arılardır pətəkdə:
- Qapıya vur!!!
- Vurmadın bu topu da!
- Necə vurum?
Yaşar durub qapıda.
Qapıçının
Cəmi yeddi yaşı var.
Bu gün onun
Həyətdə çox işi var.
-Bəs o nədir,
Çarpayıdan asdığı?
-Yumruqlayır
Səhər-axşam yastığı.
Neçə gündür
Boksa salıb meylini,
Əlcəklərdən
Çıxarmır heç əlini.
-Ata, ata!
Xəbərin var, xəbərdən?
Bizim Yaşar
Şeir yazır səhərdən.
Xəstə kimi
Nə çay içir, nə yeyir...
-Oxu görüm, nə deyir?
-"Xəzər, Xəzər,
Mənim doğma dənizim!
Sularını
Çox sevirəm, əzizim!"

- Ata, ata!
Yaşar söküb saatı...
- Ata, ata!
Görürsən bu xarratı?!
Sənət seçir,
Kömək edin Yaşara.
Bir iş tapsın,
Yoxsa qalar avara.
30.10.2025