Şamaxının Dəmirçi kəndi
Şamaxının Dəmirçi kəndi tarixi məkan olmaqla yanaşı, həm də ruhu dincəldir, yaddaşı oyadır. Dağların ətəyində yerləşən kənddə hər daş, hər küçə sanki keçmişdən bəhs edən bir hekayə danışır.
Şamaxının ən qədim kəndlərindən olan Dəmirçinin tarixi XV əsrə gedib çıxır. Əvvəllər adı Güneyçay olan kənddə dəmirçilik sənəti geniş yayılıb və elə buna görə də sonralar ona Dəmirçi adı verilib. Qədim İpək yolunun kənarında yerləşən kənddə bir neçə karvansara da olub. Lakin karvansaralar daxil olmaqla qədim tikililərin çoxu sovet hakimiyyəti illərində dağıdılıb. Maraqlı adət-ənənələri, özünəməxsus mədəniyyəti olan yerli əhali elmə, təhsilə böyük maraq göstərir. Kənddəki abidələrin bərpası və tarixi simasının qorunması ilə bağlı son illərdə həyata keçirilən işlər keçmişdən soraq verən Dəmirçini qoruyub saxlamaq və onu gələcək nəsillərə çatdırmaq baxımından çox mühüm əhəmiyyət daşıyır.
Son illər kənddə aparılan bərpa-quruculuq işləri kompleks xarakter daşıyıb. İlk növbədə, kənddəki ən qədim dini ocaqlarından olan və 755-ci ildə inşa edilən məscid bərpa olunub. Yerli əhalinin və turistlərin istirahəti üçün kənddə bir sıra maraqlı layihələr də həyata keçirilib. Kəndin mərkəzi hissəsində turizm infrastrukturu, o cümlədən dəmirçi və misgərlik emalatxanası, kafe, çayxana, təndir, “Azərxalça” ASC-nin guşəsi, suvenir mağazası və “ABAD” dükanları, “Qala” və bulaq kompleksi inşa edilib.
Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən Dəmirçi kəndinin iqlimi mülayimdir. Yayı sərin, qışı isə o qədər də sərt olmur.
Yeni salınan yollar kəndi ətrafdakı yaşayış məntəqələri ilə daha da yaxınlaşdırır – Lahıc kimi məşhur turizm məkanlarına gedən turistlər Dəmirçidə dayanıb nəfəs dərəndən sonra yollarına davam edə bilərlər.
Rəşad Türkoğlu, AZƏRTAC
28.08.2025