Həsən Əliyev
Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Həsən Əlirza oğlu Əliyev, 1907-ci il dekabrın 15-də Zəngəzur mahalının Comərdli kəndində dünyaya göz açıb. Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən 1918-ci ilin qanlı hadisələri Comərdli kəndinə də çatır. Qəflətən hücuma məruz qalan köməksiz Comərdli əhli Naxçıvana üz tutur. Həsən Əliyev 17 yaşında Naxçıvan şəhərində kənd axşam məktəbində oxuyur və 23 yaşında məktəbi bitirir. O, dünyagörüşü ilə həmyaşıdlarından seçilirdi. 1925-ci il oktyabrın 5-də “Şərq qapısı” qəzetində “Bizə də teatr lazımdır”, 1929-cu ildə isə “Molla Nəsrəddin” jurnalının 16-cı sayında “Müəllim lazımdır” adlı məqalələrini dərc etdirib.Altı il ərzində orta təhsil, üç il ərzində ali təhsil almış Həsən Əliyev birbaşa aspiranturaya qəbul olur. 1937-ci ildə SSRİ Elmlər Akademiyasının (EA) Azərbaycan filialı yaradılır. Bakı şəhərinə gələn Həsən Əliyev SSRİ EA Azərbaycan filialının Torpaqşünaslıq bölməsində elmi işçi, sonra isə elmi katib işləyir.
Torpağın qədrini bilən Həsən Əliyev xam torpaqların tədqiqi ilə məşğul olmağı qət edir. Qobustanın cənub-qərb hissəsinin arid torpaqlarının tədqiqinə başlayır. Onun uğurlu tədqiqatı “Pirsaat düzünün torpaqları və ondan istifadə yolları” adlı ilk monoqrafik əsəri (1940) ilə nəticələnir. Alim bu əsərində arid (quraq) iqlim şəraitində yaranmış xam torpağın elmi təhlilini verməklə ondan necə istifadə etmək yollarını da göstərib.
Gənc alim İkinci Dünya müharibəsinin davam etdiyi 1941-1943-cü illərdə Şimali Qafqaz uğrunda döyüşən orduda zabit kimi xidmət edir, ağır yaralanır.
H.Əliyev əmək fəaliyyətinə fəhləlikdən başlamış, müəllim, Şirvan Zona-Təcrübə stansiyasının direktoru, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialında Coğrafiya Bölməsinin rəhbəri olmuş, AEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AEA Botanika İnstitutunun direktoru, Azərbaycan KP MK-nın katibi və respublika Kənd Təsərrüfatı nazirinin birinci müavini vəzifələrində işləmişdir. H.Əliyev AEA-nın akademik-katibi, Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Meşə torpaqlarının coğrafiyası” şöbəsinin rəhbəri, 1968-1987-ci illərdə AEA Coğrafiya İnstitutunun direktoru, 1987-ci ildən ömrünün sonuna kimi isə direktorun məsləhətçisi olmuşdur.
H.Əliyev öz elmi fəaliyyəti dövründə Afrika, Asiya, Amerika, Avstraliya qitələrində, o cümlədən, Yunanıstan, ABŞ, Kanada, Rumıniya, İsveçrə, Macarıstan, Yaponiya, keçmiş Qərbi Almaniya və s. ölkələrdə keçirilən elmi konqreslərdə, simpoziumlarda iştirak etmişdir.