
1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Gənc Azərbaycan dövlətinin müstəqilliyini möhkəmləndirmək, xalqımızı yeni qırğınlardan, hücumlardan qorumaq üçün güclü ordu yaratmaq lazım idi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordumuzu yaradanlardan biri də general Əliağa Şıxlinski idi.
Əliağa Şıxlinski dövrünün böyük hörmət və şöhrət qazanmış hərbi xadimlərindən biri idi. Onu hər yerdə yaxşı tanıyırdılar. Əliağa Şıxlinski dərin ağıl, yüksək qabiliyyət, misilsiz hərbi istedad, mərdlik, nəciblik sahibi idi. O, çox çalışqan, əməksevər, qayğıkeş və tələbkar bir insan idi.
Əliağa Şıxlinski 1865-ci ildə Qazax bölgəsində anadan olmuşdur. Şixlinskilər nəsli Azərbaycanda tanınmış bir nəsil idi. Atası Əliağaya hərbi təhsil vermək istəyirdi. Çünki hərbi iş cəsurluq, qoçaqlıq tələb edirdi. Ata istəyirdi ki, oğlu seçdiyi, yiyələndiyi peşə ilə doğma Azərbaycanın igidlik, cəsurluq ənənlərini yaşada bilsin. Odur ki, Əliağa imtahan verib, Tiflisdə hərbi gimnaziyaya daxil olub. O, məktəbi əla qiymətlərlə bitirdi. Sonralar Peterburqda topçuluq məktəbində oxuyanda da Əliağa Şıxlinski əlaçı şagird idi. Təhsildə olduğu kimi, o, ön cəbhədə, döyüş meydanlarında da həmişə birinci olardı. Buna görə də o, komandirlər və əsgərlər arasında böyük hörmət və məhəbbət qazanmışdı.
Əliağa Şıxlinski bütün bilik və bacarığını topçuluq sənətinin inkişafına həsr etmişdi. O, həmişə topçuluq sahəsində olan yenilikləri dərindən öyrənməyə can atırdı. Sonra da öyrəndiklərini işdə tətbiq edir, təcrübədə yoxlayırdı. Topçuluğa dair yazdığı sanballı əsərlər, etdiyi digər qiymətli kəşflər onu dünyaya tanıtmışdı. Şıxlinski təkcə Rusiya artilleriya elmində deyil, o zaman dünyanın ən qabaqcıl topçuluq ölkələri olan Fransa, Avstriya artilleriya elmində ən böyük şöhrət qazanmışdı. Əliağa Şıxlinski xatirələrində yazır ki, bir dəfə mənimlə tanış elədikləri Avstriya topçu zabiti soruşdu:
- Siz məşhur Şıxlinskinin qohumusunuzmu? Cavabında dedim ki, həmin Şıxlinski mən özüməm. Onda o, əlini uzadıb dedi:
- Sizi bizim topçularımız yaxşı tanıyırlar. Topçuluq elmindəki yeniliklərinizə də yaxından bələddirlər.

1914-cü ilin yayında Birinci Dünya müharibəsi başlandı və dörd il davam etdi. Bu müharibədə dünyanın 30-dan çox dövləti iştirak edirdi. Tarixdə birinci dəfə idi ki, dünyanın bu qədər çox dövləti bir-biri ilə müharibəyə qoşulmuşdu. Ona görə də bu müharibə birinci dünya müharibəsi adlanırdı. Bu böyük müharibədə Rusiyanın paytaxtı olan Peterburqun artilleriya müdafiəsi Əliağa Şıxlinskiyə tapşırılmışdı. Bu, olduqca böyük etimad idi. Əliağa Şıxlinski ona tapşırılan işin öhdəsindən bacarıqla gəldi.
Əliağa Şıxlinski o dövrdə Rusiyanın ən yüksək ordenləri ilə təltif olunmuşdu. O həm də Fransanın ən yüksək hərbi ordenlərinə layiq görülmüşdü.
General Əliağa Şıxlinski vətənpərvər bir azərbaycanlı idi. Bu böyük hərbi xadimimiz müstəqil Azərbaycan üçün qüvvətli ordu yaratmağa böyük əmək sərf etmişdi.
26.10.2021