Bu maraqlıdır!

Ağ Vağ Qəsri

Yaponiyanın ən qədim qəsrlərindən biri olan Himeсi və ya Ağ Vağ Qəsri 1333-cü ildə tikilib. Sahibləri tərəfində XVII-ci əsrə qədər dəfələrcə rekonstrukisya işləri aparılıb. Yaponiyanın qərbində yerləşən qala, 1993-cü ildə Yuneskonun Dünya İrsi siyahısına salınıb. 


Ağ Vağ qəsri Yaponiyanın gəzməli-görməli yerlərindən biridir. Memarlıq baxımından o qədər orijinal dizayna sahibdirki, ölkənin ümumi memarlıq sənətinə də böyük təsir göstərib.


Qəsr kompleksinə ümumiyyətlə, əksəriyyəti ağacdan olan 83 bina daxildir. Qəsrin dayandığı təpənin ətəyində eyni adlı şəhər yerləşir. Qəsr 1333-1346-cı illərdə tikilib, 1580 və 1612-illərdə isə genişləndirilib.


Yapon qəsrinin vacib xüsusiyyətlərini topoqrafiya müəyyən edir. Üç əsas yapon qəsr tipi var: yama –ciro – dağın üstündə, hira-ciro düzənlikdə, hirayama –ciro düzənliyin ortasında təpədə tikilir.

 

Himeci qəsri üçüncü tipə aiddir. Adətən qəsrin ərazisində ən yüksək yerdə əsas qüllə–tensükaku-tikilirdi. Qüllə qəsr üzərində yüksəlirdi və rəqibin yerdəyişməsini müşahidə etmək üçün əlverişli nöqtə idi.

Əsas qüllənin ətrafındakı meydança qəsrin ən vacib yeri idi və honmaru (əsas hasar) adlanırdı. Başqa, ninomaru və sannomaru kimi sahələr, çox vaxt spiralvari əsas hasarın ətrafında yerləşirdi. Himeci qəsrində əsas hasar siyasi qərarların qəbul olunduğu yer idi. Mülkədar, onun ailə üzvləri və qohumlarının otaqları ninomaru, sannomaru və nisinomaru (müvafiq olaraq ikinci, üçüncü və qərb hasarlarında) yerləşirdi, o vaxtdan qəsrin bölünmə prinsipi dəyişmədi.


İstənilən qəsrin ən vacib funksiyası müdafiədir. Himeci qəsri xəndəklər sistemi ilə əhatələnmişdi. Daş özüllü divarlar və xəndəyin torpaqdan divarları müdafiə sistemini möhkəmləndirirdi. Həm də onlardan bəziləri hasarların və keçidlərin arasında yerləşirdi ki, düşmənin içəri daxil olmasını olduqca çətinləşdirirdi. Divarların daş özüllərinin maraqlı özəlliyi onların profili idi. Onlar, yuxarı hissəsində çölə burularaq kəskin yoxuşa qalxırdılar. Bu oqi–no-kobay(yığılan enişin burulğanı) adlandırılan buruqlara görə, onların üzərinə dırmaşmaq olduqca çətinləşirdi, bu həm də yapon qəsrlərinə əlavə gözəllik verirdi. Bir çox qəsrin xəndəkləri su ilə doldurulurdu, həm də, əgər topoqrafiya imkan versəydi, çay suyundan yararlanırdılar. Əgər işğalçılar xəndəyi dəf edə bilsəydilər, onlar gərək həm də əsas (ote-mon) və başqa darvazalardan keçəydilər.


Ordan əsas hasara gedən yeganə yol hasarlanmış sahələrdən ibarət labirintdən, çox sayda darvaza və çox şaxəli dalanları olan keçidlərdən keçirdi. Əsas qülləyə tərəf hərəkət edərək, gərək dolanbaclardan keçəsən, bu isə, hətta siz qülləyə yaxınlaşsaz belə yanlış istiqamətdə hərəkət təəsuratı yaradır. Qala divarlarında olan ambrazuralardan (sama) atəş açan döyüşçülər düşməni geri ata bilərdi. Ya-dzama- oxatanlar üçün hündür düzbucaqlı ensiz dəliklər idi, teppo-dzama isə -yumru yaxud kvadrat formada idi və muşketlərdən atəş açmaq üçün əlverişli idi. Əsas və müfafizə qüllələrini, divarın aşağı özülündən irəli çıxan hissəsindən, uzun ensiz dəlik (isi-otosi) vasitəsi ilə daş atmaq olardı.


Tikilinin damı, demək olar ki, müxtəlif vaxtlarda bu qalaya sahib olan və memarlıq ansamblına öz düzəlişlərini etmiş bir və ya digər ailənin gerbini təsvir edən kərpiclərlə taclanıb. Damın üstündə qeyri-adi balıq heykəli ucaldılıb-bu Ağ Vağ qəsrini yanğından qoruyan sehrli bir talismandır. 


Gözəlliyi və mənzərəsi ilə seçilən qala bir neçə dəfə məşhur filmlərin çəkiliş yerinə çevrilib. Məşhur Hollivud ulduzu Tom Kruzun baş rolda çəkildiyi "Sonuncu Samuray" filminin bəzi səhnələri  məhz burada çəkilmişdir.