Görkəmli şəxsiyyətlər

Dünyaca məşhur uşaq illüstratoru Robert İngpen

Robert Roger İngpen, 1986-cı ildə uşaq kitablarında mükəmməl təsvirlərinə görə, uşaq ədəbiyyatı sahəsində ən nüfuzlu mükafat olan H.K.Andersen medalına layiq görülmüş görkəmli Avstraliyalı sənətkar, qrafik dizayneri, illüstrator və yazıçıdır. 


Robert İngpenin illüstrasiyaları Avstraliya mənzərələrini yansıdan gözəlliyi, həmçinin detalların, süjetlərin və həddindən artıq emosionallığın inandırıcılığı ilə seçilir.


Rəssamın özünün yazdığı kitablar da daxil olmaqla 100-ə yaxın kitabı var. Hazırda rəssam müxtəlif elmi məruzələr üçün illüstrasiyalar üzərində işləyir, poçt markalarının, heykəllərin, qobelenlərin yaradılmasında iştirak edir.


Robert Roger İngpen 1936-cı ildə Avstraliyanın Melburn şəhərində anadan olub, lakin Viktoria Ştatının Cilonq şəhərində böyüyüb oxumuşdur. Rəssamlıq məktəbində oxuduqdan sonra o, Britaniya Millətlər Birliyinin Elmi Sənaye Tədqiqatları Təşkilatında, daha sonra isə BMT-nin Meksika və Perudakı ofislərində qrafikaçı və illüstrator vəzifələrində çalışmışdır. Avstraliyada ictimai binalar üçün divar şəkilləri çəkib və Avstraliyanın Şimal Əraziləri üçün poçt markaları, gerb və bayraq hazırlamışdır. Sənətçi turizmin və istirahətin inkişafında, ətraf mühitin qorunması və milli irs ideyaları barədə ictimaiyyətin anlayışının təbliğində fəal iştirak etmişdir.

 

1974-cü ildə "Fırtına oğlan" (Storm boy) kitabının nəşrindən sonra İngpen uşaq kitablarını təsvir etməyə başlayıb. 

 

İngpenin yazdığı və təsvir etdiyi şəkilli kitablar arasında "Faydasız Oyuncaq ayı" ("The İdle Bear"1986), "Yuxu ovçusu" ("Dreamkeeper", 1995), "Dünya Kimin üçündür?" ("Who is the world for?", 2000), həmçinin "Alisanın Sərgüzəştləri" (Alice's Adventures in Wonderlands),  "Xəzinələr adası", "Ayının hekayəsi", və s. adını çəkmək olar. İlk kitabda sahiblərinin böyüdüyünü və sonra onları tərk etdiyini izləyən iki atılmış oyuncaq ayı, dünyada var olmalarının mənasıni anlamağa çalışırlar. "Yuxu ovçusu" İngpen tərəfindən nəvəsi Alisa üçün yaradılmışdır. Gerçəklik və fantaziya elementlərini qarışdıran sənətçi, yuxularda insan təxəyyülü ilə yaradılan canlıların bir yuxu ovçusunun tutqun həqiqətindən necə çıxdığını izah edir. Və o, mürəkkəb tələlərin və cihazların köməyi ilə yuxulardan canlıları yuxu ağacındakı həqiqi evlərinə qaytarır.


İngpen bir çox fərqli texnika və üslubdan istifadə etsə də, tərzi aydın qalır. İnqpenin illüstrasiyaları həm süjetləri, həm də tarixi detalları ilə dəqiqdir, sənətkar sentimentallıqdan çəkinir, lakin hekayələrin emosional həqiqətini ortaya qoyur. Rəsmlər və illüstrasiyalar vasitəsilə İngpen Avstraliyanın qeyri-adi təbiətinə, xüsusilə okean sahillərinə, çaylarına və kənd mənzərələrinə olan dərin məhəbbətini ifadə edir. İnqpen ölkəsinin mənzərəsini təsvir edərək öz gizli tarixini, ruhunu, xalqını göz önünə qoyur. O, uşaq kitabları vasitəsilə ölkəsinə, keçmişinə, bu gününə və imkanlarına səmimi, hörmətlə yanaşır. Geniş gözlərlə İngpen dünyanın müxtəlif yerlərində işığın müxtəlif yollarla necə parladığını izləyir. Demək olar ki, rəssam insanın üzü ilə ruhunu görür.