Azərbaycanın ənənəvi xalçaçılıq sənətinə həsr olunmuş festival keçirilib
Azərbaycan Milli Xalça Muzeyi uşaqların mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə sevgi və hörmət ruhunda tərbiyəsinin əhəmiyyətini və bu işdə təhsilin rolunu nəzərə alaraq, daim yeni proqramlar hazırlayır, ustad dərsləri keçirir, müxtəlif tədris müəssisələri ilə birgə layihələr reallaşdırır.
Muzeydən AZƏRTAC-a bildirilib ki, bu günlərdə isə Bakı Avropa Liseyi Azərbaycan Milli Xalça Muzeyi ilə birgə layihə çərçivəsində VI Azərbaycan Mədəni və Tarixi Ənənələri Festivalını keçirib. Liseyin hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müxtəlif mövzularda keçirdiyi festival bu dəfə Azərbaycanın ənənəvi xalçaçılıq sənətinə həsr olunub.
Festival günlərində Bakı Avropa Liseyinin şagirdlərinin bir-birindən maraqlı ssenarilər əsasında ölkəmizin ayrı-ayrı regionlarına aid xalçalar, onların əsas xüsusiyyətləri və s. haqqında hazırladıqları videoçarxlar liseyin “Facebook” səhifəsində və “YouTube” kanalında, həmçinin muzeyin Uşaq şöbəsinin “Facebook” səhifəsində paylaşılıb, izləyicilər tərəfindən heyranlıqla qarşılanıb.
Liseyin 5a3 sinfi bu festivalda Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupunu təmsil etmiş, festivala olduqca maraqlı bir video-çarxla qatılmışdır.
28.12.2020