Zəlimxan Yaqub. Təbiət Allahın şah əsəridir
Yenə təbiətlə üz-üzəyəm mən,
Döş-döşə, baş-başa, göz-gözəyəm mən.
Çıxmışam dünyanın adiliyindən,
Gözəllik adlanan möcüzəyəm mən.
Belə duymamışdım gözəllikləri
Dünyaya gəldiyim gündən bəridi.
Bir səs dalğalandı qulaqlarımda:
– Təbiət Allahın şah əsəridi!
Gəlir ildırımlar kəllə-kəlləyə,
Şimşəklər döyüşür hey kəllər kimi.
Hər zaman döyüşlər sərkərdəsidi,
Qayalar dayanıb heykəllər kimi.
Bilinmir tarixi, bilinmir yaşı,
Buluddan nəm çəkir dağların başı.
Günəş qızılıdı, şəfəq zəridi.
Günəş də dilləndi, şəfəq də dedi:
– Təbiət Allahın şah əsəridi!
Vurula-vurula gördüklərinə
İnsan şair oldu, peyğəmbər oldu.
Oğul igid oldu, kişi ər oldu.
Bulaqdan saflığı götürə bildi,
Sudan şəffaflığı götürə bildi,
Qayadan sərtliyi götürə bildi,
Palıddan mərdliyi götürə bildi.
Qolları yollara bənzətdi dünya
Cığırlar yollarda əzələ kimi.
Şimşəkdən öyrəndi qəzəbi insan,
Coşdu tufan kimi, zəlzələ kimi.
Dalğanı görəndə daldı xəyala,
Dəniztək qabardı, çəkildi insan.
Rəssamdı dağların şəklini çəkən,
Daşlara can verən heykəltəraşdı.
Dağı görməyənin gözləri bağlı,
Daşı duymayanın ürəyi daşdı.
Təbiət eşqinə, sənət eşqinə
Nə qədər ürəklər yandı, əridi.
İnsan əsər dedi yaratdığına:
– Təbiət Allahın şah əsəridi!
Əli baltalılar ayaq saxlasın,
Yaşını kəsənlər başını kəsər.
Qurudar suyunu gen dərələrin,
Yazını, yayını, qışını kəsər.
Qışda qarı yağmaz, yazda yağışı,
Naləsi kamana, neyə çəkilər.
Bir parça yaşıllıq görmək istəsə,
Yağlı əppək olub göyə çəkilər.
Qaynar çeşmələri duru saxlamaq,
İşığı qorumaq, nuru saxlamaq,
Torpağın ruhunu diri saxlamaq
İnsanın ən böyük cavabdehliyi,
Bəşərin ən böyük dərdi-səridi.
– Təbiət Allahın şah əsəridi!