Tofiq Mütəllibov. Dilarə
Təbaşirə bulaşmışdı
Dilarənin saçı, üzü.
Arxayınca gəzirdi o,
Xəbərsizdi bundan özü.
Qəh-qəh çəkib gülüşdülər
Yoldaşları onu görcək.
Biri dedi: - Üzün ağdır,
Üstünə də təbaşir çək.
Biri dedi: - Nə gözəldir,
Nə qəşəngdir bu görkəmin.
Ağappaqsan, “Qar qız” olsun
Qoy bu gündən adın sənin.
Biri isə nə söz deyib,
Nə üzünə güldü onun.
Yaylığını çıxardaraq
Üz-gözünü sildi onun.