Xəbərlər

Şagirdlər yaşadıqları ərazini araşdıracaq

Ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Gəlin tanış olaq!” müsabiqəsi keçirilir.


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən keçirilən müsabiqə şagirdlərin azərbaycançılıq məfkurəsi əsasında tərbiyə olunmasını, milli-mənəvi dəyərlərə sadiq ruhda hərtərəfli şəxsiyyət kimi böyüməsini təmin etmək məqsədi daşıyır. Şagirdlərin yaşadıqları ərazinin quruluşu, spesifikliyi, maddi-mənəvi irsi haqqında biliklərinin formalaşmasına təkan vermək, onlarda araşdırma və təhlil aparmaq, nəticələri təqdim etmək bacarıqlarını formalaşdırmaq, məktəblilərin tariximizə, adət-ənənəmizə olan marağının daha da artırılmasına müsbət təsir etmək də müsabiqənin əsas hədəflərindəndir.


BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, VIII-X sinif şagirdləri arasında keçirilən müsabiqə çərçivəsində məktəblilər onlara təqdim olunan mövzular (yaşadıqları ərazinin, qəsəbənin maddi-mənəvi irsi, dəyərləri, etnoqrafiyası, tarixi, mədəniyyət abidələri, elm xadimləri, görkəmli şəxsləri və s.) üzrə araşdırma aparacaq və videoçarx hazırlayacaqlar.


Paytaxtın 12 inzibati rayonu üzrə keçirilməsi nəzərdə tutulan müsabiqə 2 mərhələdən ibarətdir.


Müsabiqənin I (məktəbdaxili) mərhələsi (21 noyabr-9 dekabr) məktəblərdə keçiriləcək və ən yaxşı videoçarx seçiləcək. I mərhələdə hər məktəbdən bir şagirdin ən yaxşı araşdırma işi müəyyənləşdirilərək BŞTİ-yə təqdim olunacaq.


Müsabiqənin final mərhələsində ilk turu uğurla keçən şagirdlərin araşdırma işlərinə Təşkilat Komitəsi tərəfindən baxılacaq. Final mərhələsinin yekununda 9 ümumi təhsil məktəbi müvafiq olaraq I, II, III və həvəsləndirici yerlərə (2 məktəb I, 2 məktəb II, 2 məktəb III və 3 məktəb həvəsləndirici) layiq görüləcək.


Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.