Xəbərlər

Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay məktəbi”nə start verilib

Muxtar respublikanın Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay məktəbi”nə start verilib.

 

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, mərkəzin ilk qonaqları aztəminatlı, qaçqın və məcburi köçkün, şəhid ailələrinin uşaqları, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar olub. Ümumilikdə, 45 uşağın iştirak etdiyi dördgünlük “Yay məktəbi”ndə Ağbulaq kəndi ərazisinə ekskursiya, müxtəlif idman və əyləncəli oyunlar, yazı və digər müsabiqələr, intellektual yarışlar, diskussiya və seminarlar, oxunması zəruri olan kitabların mütaliə və müzakirəsi keçiriləcəkdir.

 

Bundan başqa, önümüzdəki günlər ərzində Azərbaycan filmləri nümayiş olunacaq, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının kollektivi tərəfindən səhnəciklər göstəriləcək və Şahbuz Rayon Mədəniyyət şöbəsinin musiqiçiləri konsert proqramı ilə çıxış edəcəklər. İstirahət müddətində keçirilən müsabiqə və yarışlarda fəallıq göstərən uşaqlar mükafatlandırılacaqlar. “Yay məktəbi” müddətində uşaqlar Naxçıvan mətbəxinin ləziz yeməkləri ilə təmin olunacaqlar.

 

Qeyd edək ki, “Yay məktəbi” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqı Şurasının iştirakı ilə təşkil olunub.