Bu maraqlıdır!

Qəhvə insanların həyatına necə daxil olub?

Bunun maraqlı tarixçəsi var. Rəvayətə görə Xalid adlı çoban keçilərini Cənubi Həbəşistanın Kaffa bölgəsində otarırmış. Otlaqdakı bir ağacın yarpaqlarını və tünd-qırmızı toxumlarını yeyən keçilər, səhərəcən vurnuxur, yatmaq bilmirdilər. Çoban bunu monastır rahiblərindən birinə danışır.
 
Rahib bu qeyri-adi toxumların təsirini öz üzərində yoxlamaq qərarına gəlir. Həmin toxumlardan hazırladığı içkinin təsirinə mat qalır və gecələr ibadət zamanı mürgüləyən abidlərə də bu içkidən istifadə etməyi məsləhət görür. Sonradan abidlər bu bitkini qovurub üyütməyi və onlardan dadlı içki hazırlamağı öyrənirlər. O, yorğunluğu aradan qaldırır və bədənə qüvvət verirdi.
 
Çox keçmədən qəhvənin ilk nümunələri Həbəşistandan Yəmənə ixrac edilməyə başlayır. Burada yerli sufilər xüsusi günlərdə oyaq qalıb səhərə qədər ibadətlə məşğul olmaq üçün qəhvədən geniş istifadə edirdilər.
 
XV əsrin sonlarında Məkkə şəhərinə və Türkiyəyə də ixrac edilməyə başlayan qəhvə 1645-ci ildə Venesiyaya yayılır.
 
1650-ci ildə türk taciri Paskua Roze qəhvəni İngiltərəyə gətirir və Londonda Lombard-stritdə ilk qəhvəxana açır. Ərəb “qahvə”sı, əvvəlcə türk “kahve”sinə, daha sonra italyan “kafe”sinə və ingilis “kofe”sinə çevrilir.