Sərdabada 1000 il əvvəl itirilmiş stolüstü oyunun qaydaları tapılıb
Çin arxeoloqları Qərbi Xan sülaləsi (eramızdan əvvəl 202-ci il – eramızın 8-ci ili) dövrünə aid sərdabada tapılmış artefaktların öyrənilməsi zamanı “lyubo” adlı çoxdan itirilmiş qədim stolüstü oyunun qaydalarını aşkar ediblər.
AZƏRTAC xəbər verir ki, “Sinxua” agentliyinin yaydığı məlumata görə, qaydalar bambuk lövhələrdə yazılıb. Xayxun adlı hökmdarın sərdabasında təqribən 5,2 min belə lövhə tapılıb.
Pekin Universitetinin alimləri müəyyən ediblər ki, bu qədim stolüstü oyun Çin şahmatı sayılan “syantsi”nin sələfidir.
Qərbi Xan sülaləsi dövründə “lyubo” həm kral ailəsinin üzvləri, həm də sadə çinlilər arasında çox populyar olub. Lakin Tan sülaləsinin (eramızın 618-907-ci illər) hakimiyyətindən sonra onun dəqiq qaydaları itirilib.
Bəzi qədim Çin mətnlərində “lyubo” oyunu tez-tez xatırlanır, qədim sərdabalarda onun taxtalarına təsadüf olunur. Lakin ilk dəfədir ki, bu oyunun ətraflı qaydaları aşkar edilib. Arxeoloqlar “lyubo”nu bərpa etməyi planlaşdırırlar.
Yeri gəlmişkən, Xayxun sərdabası Qərbi Xan sülaləsinin ən böyük mərasim kompleksidir. Burada qazıntılar 2011-ci ildə başlayıb. İndiyə kimi 10 mindən çox artefakt aşkar edilib.
28.03.2019