
Göz qamaşdırıcı parıltı, alov saçan şimşək, göy gurultusu. Min illər boyu insanlar bu qorxunc təbiət hadisəsinə baxır, heç nə anlamadıqları üçün qorxurdular. İldırımı tədqiq etmək məqsədi ilə göstərilən cəhdlər çox zaman faciə ilə bitirdi. Bununla belə, təxminən 100 il bundan qabaq insanlar təbiətin elektrik gücündən istifadə etməyi öyrəndilər.
Bəs elektrik necə yaranır? Təbiətdə çox kiçik zərrəciklər mövcuddur. Bəzi zərrəciklər mənfi, bəziləri isə müsbət yüklüdür. Ən kiçik mənfi yüklə yüklü hissəciklər elektronlardir. Onlar ötürücü məftillərin içi ilə hərəkət edə bilirlər. Yüklənmiş zərrəciklərin bir istiqamətdə hərəkətini alimlər elektrik cərəyanı adlandırıblar.
Siz evə gəlirsiniz, elektrik düyməsini basırsınız və elektrik lampası işıqlanır. Bəs buna səbəb nədir? Elektrik düyməsini basarkən siz keçirici naqilləri birləşdirmiş olursunuz. Bu zaman lampaya elektron axını baş verir. Lampada isə volfram spiral asılıb. Bu spiral (onu çox vaxt lampanın teli də adlandırırlar) qəribə xüsusiyyətə malikdir. Elektronlar onun içi ilə hərəkət etməyə çətinlik çəkir və bir birini itələməyə başlayır. Nəticədə telin hazırlandığı metal ani olaraq qızır və işıqlanır. Axın nə qədər güclü olarsa, metal bir o qədər çox qızır. Bu cür, lakin daha iri spirallar ütünü və elektrik sobasını qızdırır.
İnsanlar elektrik cərəyanından maşınları hərəkətə gətirmək üçün də istifadə edirlər. Maşinist açarı burur, güclü elektrik mühərriki elektrovozun təkərlərini fırlamağa başlayır və qatar asta-asta hərəkətə gəlir.
Mühərrik bu gücü haradan alır? Elektrik cərəyanı iki paralel naqillə eyni istiqamətdə hərəkət etdikdə bir-birini cəzb edir, fərqli istiqamətdə hərəkət zamanı isə bir-birini itələyir. Ötürücülərin cərəyanla qarşılıqlı əlaqəsinin yaratdığı qüvvə elektrik mühərrikini hərəkətə gətirir.
Siz yəqin ki, elektrik oyuncaqlarındakı çox kiçik mühərriklərini görmüsüz. Onların hərəkəti üçün adi bir elektrik batareyası kifayət edir. Ancaq milyonlarla elektrik lampasını işıldaması, dəzgahları hərəkətə gətirən, metrolardakı elektrik qatarlarının elektrovozların təkərini fırladan mühərriklərin işləməsi üçün həddən çox enerji gərəkdir. Bu həcmdə enerji elektrik stansiyalarında istehsal olunur və elektrik naqillərinin vasitəsilə şəhər və kəndlərə verilir.
31.01.2014