Odlar Yurdu

Oğuzlar

Xalqımızın, həmçinin hazırda bir çox ölkələrdə yaşayan türk xalqlarının ulu babaları oğuzlardır (oğuz türkləridir).  Oğuzların həyatında  baş vermiş hadisələr dildən-dilə keçərək zənginləşmiş və dastanlara çevrilmişdir. “Kitabi–Dədə Qorqud” oğuz türklərinin tərcümeyi-halıdır. Bu dastanların ilk boylarının 1300-dən artıq yaşı var.
Oğuz türkləri - 24 Oğuz boyundan ibarət olub, Xəzər dənizinin şərqindən Ceyhun (Amudərya) çayına qədər ərazidə yerləşmişdilər. Oğuz türkləri 950-ci ildən islam dinini qəbul etməyə başladılar. Oğuz adına ilk dəfə Yenisey kitabələrində rast gəlinməkdədir. Oğuzlar Türkiyə, Balkanlar, Azərbaycan, İran, İraq və Türkmənistanda yaşayan türklərin ataları olan böyük bir Türk boyudur. Əvvəllər tək Tanrıya inanan oğuzlar sonralar islam dinini qəbul etmişdilər. Azərbaycanda yaşayan, lakin türk olmayan tayfalar da islam dinini qəbul etdilər. Onlar türk tayfaları ilə qaynayıb-qarışdılar. Beləliklə, ölkəmizdə din birliyi yarandı. Artıq vahid Azərbaycan xalqı yaranmışdı. Oğuzların qədim tayfa adətləri, yaşayış qaydaları bütün Azərbaycanda yaşayan əhali üçün ümumi adətə, yaşayış tərzinə çevrildi.