Odlar Yurdu

Azərbaycan narı

Narın çox maraqlı tarixçəsi var. Qədim yunan əfsanəsinə görə, Persefona narı ilk dəfə Aida səltənətində olarkən dadıb. O, narın altı dənəsini yediyinə görə ilin altı ayını yeraltı səltənətdə yaşamalı olurdu.
 
Yunanlar üçün nar zülmət simvolu hesab edilirdi. Çində isə nar məhsuldarlıq rəmzidir. Məhəmməd Peyğəmbər insanlara nar yeməyi məsləhət görərdi: “Nar yeyin, o qəlbi paxıllıqdan və nifrətdən təmizləyir”.
 
Şərqdə də nara böyük qiymət verirlər. Belə güman edilir ki, nar ilk olaraq İranda yetişdirilib və oradan Asiyanın cənubuna, Afrikanın şimalına və Cənubi Avropaya yayılıb.
 
Azərbaycanda narın qədim tarixi var. Nar tarixən Azərbaycanın demək olar ki, bütün regionlarında yetişdirilir. Quru subtropik zonada yerləşən Şirvan ən yaxşı nar sortlarının yetişdirilməsi üçün ideal məkandır.
 
Göyçay narı isə ən yaxşı nar hesab olunur. Bunun sirri dünyanın heç bir yerində rast gəlinməyən unikal mikroiqlimi və torpağın tərkibi ilə bağlıdır. Azərbaycan bağlarından ildə 40000 ton nar yığılır. Gülöyşə adlı nar isə öz dadı, tamı ilə daha çox məşhurdur.
 
Göyçay rayonunda hər il ənənəvi nar festivalı keçirilir. Sərgidə rayonun 32 kəndində narçılıqla məşğul olan insanların yetişdirdiyi müxtəlif növ nar və onlardan məhsullar təqdim olunur. Nar yemək və nar sıxmaq yarışları keçirilir.
 
Azərbaycanın bir sıra tanınmış rəssamların əsərlərində nar mövzusu xüsusi yer tutur.
 
Məşhur rəssamı Toğrul Nərimanbəyov deyirdi: “Mən narı, xüsusilə, Göyçaya gedəndən sonra sevdim. Biz böyük şair Rəsul Rza ilə o rayona ova gedirdik. Ənvər Məmmədxanlı da bizimlə idi. Mən Göyçayda böyük nar bağlarını görəndə heyrətləndim. Bakıya qayıtdım və onları çəkməyə başladım. Sonralar isə, aludə olub nar mövzusuna bir sıra rəsmlər çəkdim. İlk işlərimdən birinin adı elə “ Göyçay bağlarında” idi. Mən onda anladım ki, nar özündə çoxlu məna, fikir daşıyır. Narı çəkəndə mənə elə gəlir ki, sanki nar şirəsi içirəm. Nar fenomenal, açılmamış bir bardır ...”