Xəbərlər

Narınc Rüstəmova: "Uşaqların sosiallaşması vacibdir"

Uşağın məktəbə getməsi üçün yaş həddi neçə olmalıdır? Ümumiyyətlə bu məsələdə əsas nə götürülməlidir, yaş yoxsa uşağın əqli hazırlığı? Bununla bağlı sualları Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmova cavablandırıb. 

 

Uşaq məktəbə hansı yaşda getməlidir, 6 yoxsa 7 yaşında? 

- Dünya praktikasına baxsaq, Lüksemburqdan başqa, dünyanın bütün ölkələrində uşaqların təhsil yaşı 7-dən başlayır. Azərbaycanda valideynlər uşaqların daha erkən yaşda həyata atılmasına sevinirlər. Hətta 4-5 yaşında nitqi tam formalaşmamış uşağa evdə Azərbaycan dili ilə yanaşı, digər dilləri də öyrətməyə çalışırlar. “Baxın, mənim uşağım rusca saya bilir, ingiliscə danışa bilir” deyib bununla qürur duyurlar. Bunun nəticəsində də sanki tələsirmişik kimi uşaqları həyata erkən atırıq. Bu proses uşağın psixofizioloji yaşına uyğun müəyyən edilməlidir. 


Ümumiyyətlə hər bir uşaq fərqlidir. Buna görə də o, məktəbə getməmişdən əvvəl pedaqoqun, psixoloqun və digər mütəxəssislərin müşahidəsindən sonra məktəbə götürülür. Əgər bir uşaqda hər bir inkişaf normal gedibsə, istər zəka inkişafı, istər nitq inkişafı - bu zaman artıq uşaqda beş yaşından sonra məktəbə aid müəyyən təsəvvürlər yaradılmalıdır. Burada uşağın yalnız intellektual bacarıqları deyil, sosiallaşmağı da vacibdir. Bu ona görə vacibdir ki, bəzən uşaqlar 5 yaşında fərdi şəkildə məktəbəhazırlıqdan çox yaxşı keçir, amma uşağın kollektiv içərisində olmaması, anaya, ataya çox bağlı olması məktəbdə qala bilməmə problemləri yaradır ki, bu da uşaqları təhsildən yayındırır. Çünki uşaqların akademik bacarığı məktəbə hazır olsa da, əgər özgüvəni aşağıdırsa, özünü ifadə edə bilmirsə, sosiallaşa bilmirsə, yaşıdları ilə ünsiyyətə girə bilmirsə, bu zaman uşaq dərsini evdə öyrənsə də məktəbdə gəlib danışa bilməyəcək. Auditoriyada çıxış edə bilməyəcək. Bu zaman çox vaxt valideynlər uşağının bu vəziyyətinə inandırmaq üçün evdə uşağı dərs oxuyub danışarkən səsini yazaraq, videosunu çəkərək WhatsApp-da müəlliməsinə göndərərək müəlliməni inandırmağa çalışırlar. Bu kimi problemlərlə qarşılaşmamaq üçün ən yaxşısı uşağı əvvəlcə bağça, sonra məktəbəqədər hazırlıq mühitinə öyrətmək lazımdır. Uşağın dil inkişafı 7 yaşına qədər aktivdir, 4-5 yaşına qədər vahid dil olmalıdır. 4-5 yaşdan sonra uşağı istədiyimiz digər dillərə yönləndirə bilərik. Erkən yaşda onları  dil öyrənməklə qarşı-qarşıya qoymaq nitqi inkişafa təsir göstərir. 

 

Onun tədrisə hazır olub-olmadığını necə bilmək olar?

- Əgər uşaq dərs proqramından geri qalırsa, digər uşaqlarla müqayisədə daha gec öyrənirsə, həyəcan keçirirsə, daim oynamaq istəyirsə, dərs çantasını səliqəli yığmırsa, müqavimət göstərirsə, bu artıq uşağın dərsə hazır olmadığının göstəricisidir. Belə olduqda gecikmədən uşağı psixoloq müayinəsindən keçirmək lazımdır. Bir məqamı da qeyd etmək lazımdır ki, hiperaktiv uşaqların əqli inkişafı normal olur, amma onları oyundan ayırmaq bir qədər çətindir. Hiperaktiv uşağı olan valideynlərə birmənalı olaraq onu məsləhət görürük ki, belə uşaqları 7 yaşından tez məktəbə qoymasınlar. 

 

Məktəbə uyğunlaşması üçün birinci sinif şagirdinə necə yardım etmək olar?

- Bu problemin həllində pedoqoqun peşəkarlığı, səriştəliliyi mühüm rol oynayır. Müəllimlər uşaqları xarakterlərinə uyğun olaraq yerləşdirməlidir. Təkcə fizioloji xüsusiyyətlərinə görə qərar verməməlidirlər. Məsələn, boyunun qısa və ya uzunluğuna, gözlərinin zəif olmasına, yaxşı və ya pis oxumasına görə yox, əksinə zəif oxuyandırsa, hiperaktivdirsə daha ön sıralara gətirilməlidir ki, digər uşaqları daha az görsün, fikri yayınmasın. Uşaqların birinci sinifdə məktəbə uyğunlaşması üçün müəllimini sevməsi çox vacibdir. 


Hansı uşaq evdə intizamlı deyilsə, o, məktəbə daha gec uyğunlaşır. Məsələn, məktəbli uşaq evdə gec yatırsa, yeməyini vaxtında yemirsə, intizamlı deyilsə, təbii ki, uşaq evdəki bu rahatlığı, “krallığı” qoyub məktəbə gəlmək istəməyəcək.   


Ona görə də yaxşı olar ki, uşaqlarımızın yuxu rejimini 21:00-22:00 arasına salaq. İstər məktəb vaxtı, istər məktəb olmadıqda bu rejimə uyğunlaşsın. Çalışaq ki, uşaqda “məktəb gəldi azadlığım əlimdən alındı. Əvvəl gec yatırdım, indi anam “yat sabah məktəbə gedəcəksən” deyəcək” fikri yaranmasın. Bu sözlər məktəbə qarşı şüuraltı aqressiya yaradır. Uşaqlara planşet, telefonla oynamağa yalnız şənbə, bazar günü icazə verilməsi, cümə günü axşam “bu gün gec yata bilərsən, sabah məktəb yoxdur” deyilməsi və s. uşaqda məktəbə aqressiya yaradır. Əhəmiyyət vermədiyimiz, gözümüzdən qaçan belə kiçik detallar damla-damla yığılaraq uşaqlarımızın məktəbə qarşı aqressiyasının yaranmasına səbəb olur. 


Yaxşı olar ki, valideynlər uşaqlarını psixoloji olaraq məktəbə hazırlasınlar, öz məktəb xatirələrini, fotolarını, müəllimlərini necə sevdiklərini uşaqları ilə bölüşsünlər. Uşaqların məktəbə qarşı sevgisini artıran məqamlardan biri də valideyn-müəllim münasibətlərinin yaxşı qurulması, valideynlərin bir-biri ilə mehribanlığıdır. Valideynlərin öz aralarında dostlaşması, həftəsonu birlikdə vaxt keçirməsi uşaqların bir-birini qeyri-rəsmi məkanda görməsi uşaqlarda məktəbə qarşı sevgisini artırır.


Bundan başqa, uşağı birinci sinifdən dərsdən əlavə məşğələlərlə də çox yormaq düzgün deyil. Çünki uşaq birdən-birə oyundan ayrılıb məkəbə gedir, məktəbdən sonra rəsmə başlayır, idmana başlayır, dil kurslarına gedir və s. Belə olduqda uşağın rahat nəfəs almağa vaxtı olmur. Oyuncaqları ilə əlaqəni birdən kəsməli olur. Bu zaman uşaq aqressivləşir. Uşağa “sən artıq məktəbə gedirsən böyümüsən. Oyuncaqla oynamaq olmaz” deyib oyuncaqlarını əlindən birdən almaq düzgün deyil. Əksinə həm oynuyub, həm dərs oxuya bilər. Evdə uşaqlara dərs oxudarkən saatlarla fasiləsiz məşğul olmaq da uşaqları yorur. Arada 25-30 dəqiqədən bir kiçik fasilələr vermək lazımdır. Maksimum 45 dəqiqədən çox bir dəfəyə dərs keçməmək lazımdır ki, bu, uşaqlarda evdə dərs, məktəbdə dərs düşüncəsi yaradıb məktəbə qarşı aqressiyalarını artırmasın. Gec yatan uşaq yuxusunun  əlindən alındığını düşünərək səhər də oyanmaq istəmir. Ona görə də yaxşı olar ki, uşaq evdən çıxmazdan ən azından 45 dəqiqə əvvəl oyatsınlar. Onların prixologiyasını düşünüb hərəkət etməliyik. Sərt şəkildə işığı yandıraraq “dur, məktəbə gecikirsən” və s. tipli cümlələr qurmamaq lazımdır. Əksinə uşağı məktəblə qorxutmaq yox, oyatmaq xarakterli cümlələr qurmaq lazımdır. Onları öpərək, qucaqlayaraq, birdən-birə oyatmayaraq pozitiv şəkildə rəftar etmək lazımdır. Ona görə ki, uşaqlar harasa gəzməyə, istirahətə gedəndə daha həvəslə tezdən oyanırlar. Günə pozitiv başlamaq, onların nə istədiyini düşünərək davranmaq və s. hamısı uşaqların məktəbə olan sevgisini artırmağa kömək edəcək.