Xəbərlər

“Uşaq Kitab Karvanı”nın növbəti dayanacağı Qax şəhəri olub

Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə həyata keçirilən “Uşaq Kitab Karvanı” layihəsi çərçivəsində bölgələrdə silsilə tədbirlər davam edir. Kitab karvanının növbəti səfəri Qax rayonuna olub.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qax Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə uşaqlar Azərbaycanın tanınmış uşaq yazarları Ələmdar Quluzadə, Solmaz Amanova, Reyhan Yusifqızı və Sevinc Nuruqızı ilə görüşüblər.

 

Ziyalıların və kitabsevərlərin də iştirak etdiyi tədbirdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxış edərək, 2011-ci ildən həyata keçirilən “Uşaq Kitab Karvanı” layihəsi barədə geniş məlumat verib. Diqqətə çatdırılıb ki, layihənin əsas məqsədi səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına marağı artırmaq, uşaqları mütaliəyə cəlb edərək onların oxu ehtiyaclarını qarşılamaqla bölgələrdə ictimaiyyətin diqqətini kitab və kitabxanaya yönəltməkdir. Bildirilib ki, indiyədək keçirilən tədbirlərdə bölgələrdə fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin (MKS) uşaq şöbələri və filiallarına 23 mindən çox kitab hədiyyə olunub.

 

Sonra görüşdə iştirak edən yazarlar uşaqların suallarını cavablandırıblar. Tədbirdə, eyni zamanda, uşaqlar arasında müxtəlif müsabiqələr də keçirilib, qaliblər kitab və jurnallarla mükafatlandırılıb.

 

Tədbirdə çıxış edən Qax rayon MKS-nin direktoru Güllü Əhmədova 7 ildir ki, uğurla davam edən “Uşaq Kitab Karvanı” layihəsinin əhəmiyyətini yüksək qiymətləndirib, rayonun kitabsevərləri adından layihənin təşkilatçılarına təşəkkürünü bildirib.

 

Sonda Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə 300 nüsxə uşaq ədəbiyyatı hədiyyə edilib.