Xəbərlər

Paytaxt məktəblərində “Sağlam məktəbli” maarifləndirici layihəsinə başlanılıb

Paytaxt məktəblərində “Sağlam məktəbli” adlı maarifləndirici layihəyə başlanılıb.


Bakı şəhəri üzrə təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, layihənin keçirilməsinin əsas məqsədi məktəblilər arasında qida təhlükəsizliyi anlayışını təbliğ etmək və şagirdlərə qida təhlükəsizliyi vərdişlərini aşılamaqdır.


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və BŞTİ əməkdaşlarının iştirakı ilə həyata keçirilən layihə çərçivəsində məktəblərdə görüşlər davam edir.


Görüşlərdə məktəblilərə düzgün qidalanma ilə bağlı məlumatlar verilib, “qida zənciri”ni əks etdirən videoçarx təqdim olunub. 


Görüşlər çərçivəsində “Məktəblərdə sanitar-gigiyenik norma və qaydalara əməl olunması”, “Fast food” qidalarının ziyanları” mövzularında şagirdlərlə fikir mübadiləsi aparılıb. Sonda mütəxəssislər tərəfindən məktəblilərin sualları cavablandırılıb və şagirdlərə sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.


Qeyd edək ki, cari ilin sonunadək layihə çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən 9 ümumtəhsil müəssisəsində görüşlərin keçirilməsi nəzərdə tutulub.