Xəbərlər

Dövlət Müstəqilliyi Gününə həsr olunmuş sərbəst güləş üzrə rayonlararası turnir yarışları keçirilib

Şəmkir Olimpiya İdman Kompleksində Şəmkir Rayon İcra Hakimiyyəti, Şəmkir Rayon Gənclər və İdman idarəsi və YAP Şəmkir Rayon Gənclər Birliyinin təşkilatçılığı ilə Dövlət Müstəqilliyi Gününə həsr olunmuş sərbəst güləş üzrə rayonlararası turnir yarışları keçirilib.


AZƏRTAC xəbər verir ki, turnirdə Şəmkir güləşçiləri ilə yanaşı, Gəncə, Mingəçevir, Qazax pəhləvanları da güclərini sınayıblar.


100-ə yaxın idmançının mübarizə apardığı turnirin açlış mərasimində çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Müstəqillik Günü münasibətilə yarış iştirakçılarını təbrik edib, bu cür yarışların keçirilməsinin əhəmiyyətindən danışıb.


Güləşin milli idman növü kimi respublikamızda çox sevildiyini, Azərbaycan pəhləvanlarının dünya və Avropa çempionatınlarında, Olimpiya oyunlarında yüksək nəticələr göstərdiyini xüsusi vurğulayan A.Məmmədov, belə yarışların gəncliyə böyük töhfə verəcəyini bildirib: “Belə turnirlər həm perspektivli idmançıları aşkar etmək, həm də bu idman növünə uşaqların marağını artırmaqda əhəmiyyətli rol oynayır. Arzumuz burada iştirak edən bu balaca idmançıları gələcəkdə dünya arenalarında görməkdir”.
Sonra bir neçə çəki dərəcəsində qaliblər mükafatlandırılıb.


Qaliblərə qiymətli hədiyyələr və diplomlar təqdim olunub.