Xəbərlər

Bakıda “Uşaq Atletikası” adlı seminar işə başlayıb

Oktyabrın 18-də Beynəlxalq Atletika Federasiyasının AOD Proqramına əsasən, Azərbaycan Atletika Federasiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Milli Olimpiya Komitəsinin dəstəyi ilə “Uşaq Atletikası” adlı seminar işə başlayıb.   


Federasiyadan AZƏRTAC-a bildiriblər ki, seminarda Xətai rayonuna daxil olan 18 orta məktəbin fiziki tərbiyə müəllimləri iştirak edir.  


Seminarın açılış hissəsində, Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Firat Hüseynov və Azərbaycan Atletika Federasiyasının Baş katibi, Məhərrəm Sultanzadə çıxış edərək iştirakçıları salamlayıb, 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə onları təbrik ediblər. 


Sonra təlimlərə başlanılıb. Seminarın təlimçiləri Beynəlxalq Atletika Federasiyasının (İAAF) “Kids Ahtletics” kurslarında uğurla iştirak edərək İAAF-ın sertifikatına sahib olan, Respublikanın Əməkdar Məşqçisi Ceyhun Hüseynov və AAF-ın Baş katibinin müavini Kənan Məhərrəmovdur. Seminar iki hissədən, nəzəri və praktiki hissədən ibarət olacaq. Praktiki hissə, oktyabrın 20-də uşaqlar arasında keçirilən yarışdan ibarət olacaq.  Yarışda Xətai rayonunun 6 məktəbi iştirak edəcək.