Təbiət

Viktoriya şəlaləsi

Cənubi Afrikada yerləşən Viktoriya şəlaləsi  dünyanın ən əzəmətli şəlalələrindən biridir. Elə şəlalələr var ki, Viktoriyadan daha ucadır, lakin xeyli ensizdir, elələri də vardır ki, ondan enlidir, lakin nəzərəçarpacaq dərəcədə alçaqdır. Viktoriya şəlaləsi isə sözün əsl mənasında möhtəşəmdir!  O, Niaqara şəlaləsindən, demək olar,  iki dəfə böyükdür. 
 
Viktoriya şəlaləsi  iki ölkənin – Zambiyanın və Zimbabvenin  milli parklarının  sərhədində yerləşir. Bu əzəmətli şəlalə  İngiltərə kraliçası Viktoriyanın şərəfinə adlandırılıb. 
 
Şəlalənin nə  demək olduğu  sözün özündən  aydındır: sıldırım qayadan çay yatağına tökülən güclü su axını. 
Uçurumlardan  axan və uzaqdan görünən  başqa şəlalələrdən fərqli olaraq, suları sanki yerin dərin qatlarına axan Viktoriya şəlaləsini yalnız  yaxından  və ya yuxarıdan görmək olar. 
 
Təbiətin hər hansı möcüzəsi kimi  Viktoriya şəlaləsi də  səyyahları cəlb edir, mənzil başına çatmağın çətinliyi isə bu marağı daha da artırır.  
 
Şəlalənin kəşf edildiyi ilk 50 il ərzində onu yalnız  cəsur və dözümlü  macəra həvəskarları görə bilərdilər.  Üstəlik, bu cür  səyahət  çox baha başa gəlirdi. İngilislərin Rodeziyada (o vaxt  Zimbabve İngiltərənin müstəmləkəsi idi və belə adlanırdı) çəkdikləri dəmir yolu sayəsində Viktoriya  şəlaləsi dünyanın hər yerindən turistləri cəlb etməyə başladı.  Hazırda Viktoriya şəlaləsi  səyyahlar arasında son dərəcə populyardır. 
 
Şəlalənin ətrafındakı landşaftlar  milli park statusu alıb.  Turistlərin axını çay sularının gur  olduğu yaz fəslinə təsadüf edir, çayın qurumağa başladığı yağışsız mövsümdə şəlalə də sakitləşir və burada əvvəlki kimi  vəhşi təbiət  hökmran olur. 
 
Hamıya məlumdur ki, yağışdan sonra gün çıxanda  göy qurşağı yaranır. Viktoriya şəlaləsi üzərində nadir təbiət hadisəsini – Ayın göy qurşağını   müşahidə etmək olar.  Ayın bədirlənməsi  şəlalədə suyun artması ilə eyni vaxta təsadüf edəndə gecə göy qurşağının görüntüsü daha parlaq olur. Bu hadisə ildə iki dəfə baş verir.