Paytaxt məktəbliləri üçün ekskursiyalar təşkil edilir
Paytaxt məktəblilərinin müxtəlif tarixi məkanlara və muzeylərə ekskursiyaları təşkil edilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, ekskursiyaların təşkil olunmasında əsas məqsəd məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, şagirdlərə milli mənəvi dəyərlərimizə hörmət hissini aşılamaq, tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaqdır.
“Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, “İçərişəhər” və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruqlarına və muzeylərə məktəblilərin səfərləri həyata keçirilir.
Ekskursiya zamanı məktəblilər eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qaval daşı, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları ilə yaxından tanış olurlar.
Bundan əlavə məktəblilər ekskursiyalar çərçivəsində muzeylərin kolleksiya fonduna tamaşa edir, onlara ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumatlar verilir.
Bakı məktəbliləri üçün ekskursiyaların tədris ili ərzində davam etdirilməsi nəzərdə tutulur.