Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür
Bu gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Müəllimlər Günü ömrünü xalqın gələcəyi olan təhsilə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.
Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilir. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb.
Hazırda Azərbaycanda yeddi minədək təhsil müəssisəsində 200 minədək pedaqoq çalışır. Bu isə o deməkdir ki, Azərbaycanın böyük müəllim ordusu var və onlar respublikamızın intellektual potensialının gücləndirilməsi yolunda yorulmadan fəaliyyət göstərirlər.
05.10.2018