Bakı Avropa Liseyinin 3-cü sinif şagirdləri “Qala” ya ekskursiya ediblər
Bakı Avropa Liseyinin 3-cü sinif şagirdləri Qala Dövlət tarix-etnoqrafiya qoruğuna ekskursiya ediblər.
Şagirdlər müəllimlərinin müşayiəti ilə komplekslə yaxından tanış olublar. Tarixi eksponatlarla zəngin olan bu məkan uşaqlarda böyük maraq oyadıb.
Qeyd edək ki, Qoruq Azərbaycan Respublikasının Nazirlər kabinetinin 18 aprel 1988-ci il 135 saylı qərarı ilə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Qoruğun ərazisi 156 hektardır. Bu ərazidə 216 memarlıq və arxeoloji abidə qorunur. Ən qədim aşkar edilən abidə e.ə. III miniliyə aid olan qədim insan yaşayış məskənidir.
Burada 15-ci əsrdə tikilmiş qala mövcuddur. Sovet dövründə qalanın bir hissəsi dağıdılıb, lakin 2010-cu ildəki bərpa işlərindən sonra dağıntı aradan qaldırılıb. Qalanın altında yeraltı yollar və otaqlar mövcuddur. Həmin yollar Abşeron yarımadasındakı digər qalalara aparır.
Aparılan araşdırmalar sübut edir ki, Qala kəndi qədim sənətkarlıq və ticarət mərkəzlərindən olub. Burada çoxlu sayda müxtəlif dövlətlərə aid sikkələr tapılıb.