Xəbərlər

Ümumtəhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib

Oktyabrın 1-də dövlət ümumtəhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.

 

Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunub. 


Məktəbəhazırlıq qruplarının təşkilinin əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlamaları, dərs prosesinə öncədən alışmaları, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasıdır.


Həftədə dörd gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir. Gün ərzində keçirilən üç məşğələnin hər birinin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur. Onlar tədris vəsaitləri ilə dövlət hesabına təmin olunurlar. Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq.