Özünü təhlükədə hiss etdiyi zaman dərhal rəng dəyişən dəniz atları
Sualtı dünya bilinməyən sirrlərlə dolu olsa da, araşdırılmış onlarca maraqlı məlumatlar da mövcuddur. Bu məlumatlardan bəziləri də dəniz atları ilə bağlıdır.
Dənizin qəribə canlılarından olan dəniz atları başı at başına oxşadığına görə belə adlandırılmışdır. Dəniz atlarının onlarla növü mövcuddur və çoxu müxtəlif dənizlərdə yaşayır.
Dəniz atlarının ölçüləri 2-30 sm arası olur. Ən kiçik növün uzunluğu 2-4 sm-dir. Ən böyük növləri Avstraliya sahillərində olur. Bu balıqların ömrü 3-4 il arasıdır.
Malik olduqları qoruyucu sümük zireh bu heyvanları təhlükələrdən qoruyur. Zireh o qədər möhkəmdir ki, qurumuş ölü dəniz atını əl ilə qırmaq mümkün deyil.
Digər balıq növlərindən fərqli olaraq dəniz atları şaquli vəziyyətdə dayanır və bu formada da üzürlər. Dəniz atlarının ən qəribə xüsusiyyətlərindən biri isə erkək cinslərinin bala dünyaya gətirə bilməsidir. Erkəklərin qarnında kisə əmələ gəlir, dişiləri həmin kisəyə kürü tökür, bu yolla çoxalırlar, balalarını suda çətin görmək olur, onların yaşıl rəngi dəniz yosunundan seçilmir. O, 2-dən 1000-ə qədər (bəzən daha çox) bala dünyaya gətirir.
Dənizin dərin sularında yaşayan dəniz atları buqələmunlar kimi buruq şəklində olan quyruqları ilə yapışdıqları bitkilərin rənginə uyğun öz rənglərini dəyişdirə bilirlər. Həmçinin onların görmə qabiliyyəti çox güclüdür. İri gözləri ilə onlar ətrafda olan bütün obyektləri seçə bilirlər.
Şübhələndiyi, ya da özünü təhlükədə hiss etdiyi zaman dəniz atları dərhal rəng dəyişərək mühitin rənginə bürünürlər. Baxıldığı zaman dəniz otları və ya yosunlara bənzəyirlər.
Bugünkü gündə dəniz atları heyvan mağazalarında satılsa da, onlar akvarium içərisində uzun müddət yaşaya bilmirlər. Onlar xüsusi diqqət və baxım tələb edirlər.
29.09.2018