Görkəmli şəxsiyyətlər

Lev Tolstoy və Azərbaycan

Böyük rus yazıçısı Lev Nikolayeviç Tolstoy  (1828-1910) “Hərb və sülh”, “Anna Karenina”, “Dirilmə” kimi  əsərlərin müəllifidir. Lev Tolstoy Azərbaycan barədə nə bilirdi?  O, hələ 1880-ci ilin martında  şair Afanasi Fetə  məktubunda yazırdı ki,  Azərbaycan mütəfəkkiri və şairi Mirzə Şəfi Vazehin əsərlərini oxuyub və onları yüksək qiymətləndirir.

 

L.Tolstorun  hekayələri ilk dəfə Azərbaycan dilinə 1882-ci ildə tərcümə olunub. XIX əsrin sonları və XX əsrin əvvəllərində L.Tolstoyun əsərlərinə  Azərbaycanda çıxan “Kaspi”, “İttifaq”, “Səda”, “Təzə həyat”  qəzetlərində geniş yer verilib.

 

1894-cü Bakı şəhər rus-müsəlman  məktəbinin  direktoru  Sultanməcid Qənizadə  L.Tolstoyun “Birinci araqçəkən” komediyasını Azərbaycan dilinə tərcümə edib və ona   həvəskar səhnədə  quruluş verib.

 

1895-ci il  dekabrın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında Lev Tolstoyun “Zülmətin  hakimiyyəti” pyesinin premyerası oldu.

 

Azərbaycan dilində yeni dünyəvi  dərsliklərin  ilk tərtibçiləri Rəşidbəy Əfəndiyev və Abbas Səhhət bu işdə Lev Tolstoyun “Əilifba” kitabının  prinsipini, yəni qrammatik qaydalarla oxu  prosesində tanış olmaq prinsipini əsas götürüblər.

 

Tədris rus dilində aparılan  müxtəlif  şəhər orta təhsil müəssisələrinin şagirdləri də uşaq əsərlərinin tərcüməsi ilə məşğul olublar. İlk belə bir cəhdi Bakı şəhəri 2 nömrəli rus-müsəlman məktəbinin şagirdi Hacıağa Abbasov (sonralar Azərbaycanın Xalq Artisti) göstərib.  “Allah gec eləyər, güc eləyər” hekayəsi onun tərcüməsində 1906-cı ildə nəşr olunub.

 

1907-ci ildə Hacıağa Abbasov məktəbin direktoru Sultanməcid Qənizadə ilə birlikdə Yasnaya Polyanaya gəlir və  L.Tolstoyun hekayəsini Azərbaycan dilinə özünün tərcüməsində yazıçıya   hədiyyə edir. L.Tolstoy isə ona üzərində avtoqrafı olan “Hərb və sülh” romanını bağışlayır.

 

S.Qənizadə nəinki  L.Tolstoyun ömrünün sonunadək  yazıçı ilə məktublaşır,  xalq maarifi  məsələləri ilə bağlı ondan  məsləhətlər alır, həm də tez-tez Yasnaya Polyanaya baş çəkirdi.