Anhel şəlaləsi
Anhel dünyanın ən hündür şəlaləsidir. Cənubi Amerikanın Venesuela ərazisində dağlıq massiv sayılan Auyantepuy hissəsində (bu dağ İblis də adlandırılır) yerləşir. Bu məkan Venesuelada mürəkkəb cəngəlliklərdə yerləşir və həmin ərazinin milli parkı sayılan "Canaima" nın səlahiyyətindədir. Burada turist yolları da mövcud deyil, çünki olduqca çətin mənimsənilən yerdir. Şəlalə Çurun çayının Karao qolunun üzərində yerləşir. "Çurun" yerli insanların dilində Pemón adlanır və mənası "gurultu" kimi tərcümə edilir. Şəlalə həmçinin "Kerepakupai-merú" adlanır, bu adın mənası isə "ən dərin yerdə şəlalə" kimi dilimizə tərcümə edilir.
Hündürlüyü 979 metrdir (bəzi sənədlərdə 1054 metr). Şəlalə 20-ci əsrin əvvəllərində tədqiqatçı Ernesto Sançes La Krus tərəfindən tapılsa da, 1933-cü ildə amerikan pilot Ceyms Ancelin almaz axtarışı məqsədilə uçuşuna qədər elə də məşhur deyildi. 1937-ci ildə Ceyms həyat yoldaşı və 2 heyət üzvü ilə birlikdə təyyarəsini şəlalənin başlanğıcını götürdüyü Auyan-tepuy dağına endirməyə cəhd etsə də, qəzaya uğradı və o, dostları ilə dağdan piyada enmək məcburiyyətində qaldı. 11 gün davam edən bu macəra barədə məlumat sürətlə yayıldı və şəlalənin dünyada məşhur olan adı da Ceymsin soyadından götürüldü.
Onun təyyarəsi isə 33 il dağda qaldı və yalnız 1970-ci ildə zirvədən endirildi. Hazırda həmin tarixi təyyarə Venesuelanın Südad-Bolivar şəhərinin hava limanının qarşısında abidə kimi qorunur.
Şəlalə 1935-ci ildən ziyarətçilər üçün açıq elan edilmişdir.