Bakıda “Kaştanka” tamaşası təqdim olunacaq
25 ildir fəaliyyət göstərən Sankt-Peterburqun “Brodyaçaya sobaçka” Kukla Teatrı Bakıda “Kaştanka” tamaşasını təqdim edəcək.
Tamaşa noyabrın 7-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində musiqi və incəsənət festivalı çərçivəsində nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Alfina Abdulinadır.
Peterburq teatrının repertuarında həm xalq nağılları, həm də uşaq ədəbiyyatı klassiklərinin ən körpə, lakin, artıq çox tələbkar olan tamaşaçılar üçün nəzərdə tutulan əsərləri yer alır. Ənənəvi tamaşalardan savayı, “Brodyaçaya sobaçka” interaktiv dərslər də keçirir. Bu dərslərdə peşəkar artistlər uşaqlara əl altında olan vasitələrdən kuklaların hazırlanmasının əsaslarını öyrədirlər.
“Kaştanka” kukla tamaşasının premyerası Rusiya yazıçısı Anton Çexovun 150 illiyinə həsr olunub. Çexov hekayəsinin adaptasiyasında “taksa ilə küçə itinin qarışığı olan, xarici görünüşdən tülküyə oxşayan cavan kürən it” dülgər Luka Aleksandroviçin emalatxanasında sevincli və qayğısız ömrünü yaşayır, taxta yonqarlarda yatır və rəngli yuxular görür.
21.09.2018