Təbiət

Hava haqqında nə bilirik?

Əvvəlcə gəlin havanın nə olduğunu müəyyənləşdirək. Gündəlik həyatda bu sözü tez-tez işlətməyimizə baxmayaraq, bir çoxlarımız onun nə demək olduğu barədə suala cavab verməkdə çətinlik çəkir.

 

Hava – Yer kürəsinin bu və ya başqa yerindəki atmosferin vəziyyətidir. Hava soyuq və ya isti, quru və ya yağışlı, küləkli və ya sakit ola bilər. Atmosferdəki rütubətin, temperaturun və ya hərəkətin kombinasiyasına hava deyilir. O, saatdan saata, gündən günə, aydan aya və ildən ilə dəyişir. 

 

Gündəlik dəyişikliklər atmosferdə müxtəlif proseslərin baş verməsinə səbəb olur. Fəsil dəyişiklikləri Yer kürəsinin Günəşin ətrafında dövr etməsi nəticəsində yaranır. İllər ərzində hava rejiminin dəyişməsinin səbəbləri isə hələ də tam müəyyən edilməyib. Amma son dövrlərdə buna əsas səbəb kimi insanların həyata keçirdikləri istehsalat fəaliyyətləri göstərilir. 

 

Rütubət, yəni atmosferdəki suyun miqdarı temperaturla birgə havaya əhəmiyyətli dərəcədə təsir edir. O, buludların və yağıntının yaranmasına səbəb olur. Meteoroloqlar mövcud atmosfer cəbhələrini müşahidə edərək havanın necə olduğunu müəyyənləşdirir, necə olacağını proqnozlaşdırırlar.

 

Atmosfer cəbhəsi müxtəlif fiziki xassəyə malik olan (soyuq və isti, buludlu və aydın) qonşu hava kütlələrini bir-birindən ayıran və meteoroloji elementlərin kəskin dəyişməsi ilə xarakterizə olunan səthə deyilir. Bir qayda olaraq, hava dəyişikliyi, həmçinin ildırım, qar, dolu və digər bu kimi kimi təbiət hadisələri atmosfer cəbhələrinin yerdəyişməsi ilə əlaqədardır.