Danışan quş - tutuquşu
Tutuquşu parlaq və rəngli lələkləri olan gözəl quşdur. O iri kəpənəklərə, uçuşan güllərə bənzəyir. Qədim vaxtlardan tutuquşu təkcə öz rəngarəngliyi ilə deyil, həm də insan nitqini yamsılamaq bacarığı ilə diqqəti cəlb edib.
Asiyada, Afrikada, Cənubi Amerikada insanlar daxma və həyətlərdə ev tutuquşuları saxlayırdılar. Quşlar evin yaxınlığında bəslənirdi. Onlar çıxardıqları səslərlə insanları təqlid edir, itləri hirsləndirirdi. Axşam çağı isə öz məkanlarına qayıdırdı.
Bəzi tutuquşuları insanlar körpəlikdən evdə bəsləyib böyüdürlər. Onlar sahiblərini hər yerdə müşayiət edir.
Hazırda tutuquşunun 328 növü var. Demək olar, hamısı meşələrdə yaşayır, meyvələrlə qidalanır, dimdiklərinin köməyi ilə budaqlara dırmaşır. Tutuquşu qəfəsdə belə bir yerdə durmur, gah divardan sallanır, gah da dimdiyi ilə qəfəsdən yapışır. Ev tutuquşularının ən geniş yayılmış növü dalğalı tutuquşu və korelladır.
Dalğalı tutuquşu təqribən 400-20.000 hers diapazonda səsləri ayırd edə bilir. Bu quşlar başlarını 180 dərəcə fırlada bilir. Ən böyük dimdiyə sahib olan tutuquşu isə kakadudur. O, 10 santimetrlik dimdiyi ilə insanın barmağını asanlıqla dişləyib qopara bilir.
Tutuquşu insan nitqini təqlid etsə də, onun səs telləri yoxdur. Evdə tutuquşu saxlamaq üçün bəzi şeyləri mütləq bilmək lazımdır. İlk növbədə bu quşlara qəfəs lazımdır. Qəfəs rahat və geniş olmalıdır ki, tutuquşu rahat şəkildə içində hərəkət edə bilsin. Qəfəsi oyuncaq, güzgü və yelləncəklərlə həddən artıq yükləmək olmaz. Tutuquşu ən çox darı, yulaf, bişmiş yumurta, yağsız kəsmik və toyuq sümükləri ilə qidalanmağı sevir.
10.09.2013