Təbiət

Mars - Günəş sisteminin dördüncü planeti

Gecələr səmada qırmızı rəngli sayrışan ulduz görünür. Bu, Günəş sisteminin dördüncü planeti, Yer kürəsinin ən yaxın qonşusu Marsdır.

 

Marsda həyat varmı? İnsanlar əsrlər boyu bu suala cavab tapmağa çalışıblar. Lakin  45 il əvvəl  Marsın yaxınlığından ötüb keçən ilk kosmik zondun topladığı informasiyaya görə, bu planetdə həyatın olması ehtimalı azdır. Sonralar alimlər Marsın səthində müvəffəqiyyətlə işləyən kosmik aparatların köməyi ilə bu sirli planet haqqında daha çox məlumat əldə ediblər. Bir daha sübut olunub ki, Marsda həyat yoxdur.

 

Lakin astronomların fikrincə,  milyon illər bundan əvvəl Marsda həyat olub. Onlar planetin səthini tədqiq edərək bu qənaətə gəliblər. Marsın səthində sönmüş vulkanların kraterləri, habelə çay, dəniz və okeanların qurumuş yataqları aydın görünür. Nə vaxtsa burada su olubsa, deməli, həyat da mövcud olub.

 

Alimlər planetin qırmızı rəngdə olmasının səbəbini də aydınlaşdırıblar. Məsələ bundadır ki, Marsın bütün səthi qonur-qırmızı rəngli tozla örtülüb. Bəzən küləyin tozu sovurması nəticəsində qum fırtınaları qopur. 1971-ci ildə Marsda elə güclü qum fırtınaları tüğyan etmişdi  ki, planetin səthi gözdən itmişdi.

 

Al qırmızı rənginə görə Marsa Romanın müharibə allahının adını veriblər.

 

Marsın havası  tənəffüs üçün tamamilə yararsızdır. Tərkibində çoxlu karbon qazı var, amma oksigen yoxdur.  Qışda karbon qazı donaraq quru buza çevrilir. Günəş sisteminin ən böyük dağı Marsdadır. Olimp adlanan bu dağın hündürlüyü 26.000 metrə çatır.