Kərgədan – fildən sonra ən böyük heyvan
Kərgədanın vətəni Afrika, eləcə də Asiyanın bəzi hissələridir. O, dünyada fildən sonra ən böyük heyvandır. Bəs nə üçün onu “kərgədan” adlandırırlar? Kərgədanın burnunun üstündə itiuclu böyük bir buynuzu var. Lakin ikibuynuzlu kərgədanlara da rast gəlmək olar. Buynuzlar sümükdən deyil. Onlar möhkəm preslənmiş bərk tüklərdən ibarətdir. Lakin hər halda bu çox qorxunc silahdır. Maraqlıdır ki, kərgədan balası buynuzsuz doğulur.
Kərgədanlar suya və ya bataqlığa girməyi, palçığın içində eşələnməyi sevirlər. Heyvanlar bununla istidən qorunurlar. Onların qalın, möhkəm dərisi qırış-qırışdır. Bu heyvanın belində quş görmək olar. Kərgədan onlara dəyib-dolaşmır. Axı bu quşlar onun dostlarıdır. Onlar kərgədanların dərisini gənələrdən və digər həşəratlardan təmizləyir. Hələ üstəlik, hay-küy salaraq heyvanları təhlükədən xəbərdar edir.
Kərgədanlar pis görür. Lakin onların eşitmə qabiliyyəti çox güclüdür. Bundan əlavə, kərgədanın çox yaxşı iybilmə qabiliyyəti də var: onlar iyinə görə gölə və ya dadlı bitkilərin olduğu yerə aparan yolu tapırlar. Hər bir kərgədanın özünün açdığı cığırı var. Kərgədan otla, yarpaqla, eləcə ağacdan qopub düşmüş meyvələrlə qidalanır.
Yeyib doyandan sonra yatır. Özü də elə bərk yatır ki, hətta ona yaxınlaşmaq olur. Lakin kərgədan oyanan zaman ondan uzaq durmaq lazımdır: o çox hirsli heyvandır və rahatlığının pozulmasını sevmir. Kərgədanlar daha çox tək yaşayır. Yalnız ağ Afrika kərgədanları kiçik qruplarla, birgə otlayır. Ana kərgədan balasına bir il süd verir. Yer üzündə çox az kərgədan qalıb. Onları adətən heyvanxanalarda görmək mümkündür.
07.09.2013