Naxçıvanın Duzdağı – bənzərsiz şəfa ocağı
Azərbaycanın qədim diyarı Naxçıvanın Duzdağı təkcə saf və təmiz duz mənbəyi deyil, həm də şəfa ocağıdır.
Astma xəstəliyi olan insanlar vaxtilə bu duz mağarasına gəlib primitiv üsullarla müalicə olardılar. İndi isə burada müasir sağlamlıq mərkəzi yaradılıb. Dağın altına doğru 300 metr uzanan və divarları sal duz qayaları ilə örtülü “Duzdağ” Fizioterapiya Mərkəzinin dünyada bənzəri yoxdur. Buraya gələnlər təxminən bir həftə gecələri duz mağarasında keçirərək şəfa taparlar.
Yerin 110 metr dərinliyində yerləşən xəstəxanada qadın, kişi, və uşaq palataları fəaliyyət göstərir. Havanın temperaturu 18-20 dərəcə isti, nisbi rütubət isə 24-50 faiz arasında dəyişir. Burada temperatur ilin bütün fəsillərində sabitdir, rütubət aşağıdır, havada zərərli qazlar yoxdur. Digər tərəfdən Naxçıvanın özündə havanın təmiz, iqlimin quru, günəşli günlərin çox olması xəstəxanada rütubətin səviyyəsini normal saxlayır.
Mərkəzdə duz layları arasında oksigen havanın 20 faizini təşkil edir ki, bu da ağ ciyər xəstəliklərindən əziyyət çəkənlər üçün əvəzsiz təbii dərmandır. Duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir. Oksigen və zəngin duz minerallarının yaratdığı havanın ağciyər xəstəliklərinin müalicəsində müstəsna əhəmiyyəti vardır. İlin istənilən fəslində uşaqlar 12-15, böyüklər isə 14-18 gün duzların əhatəsində yaşamaqla şəfa tapa bilərlər.
19.08.2013