Odlar Yurdu

Azərbaycanın qədim paytaxtı - Qəbələ

Qəbələ Azərbaycanın şimal-qərbində, Bakıdan təxminən 200 kilometr məsafədə yerləşir. Avtomobillə dörd saatlıq yolu var. Qəbələdə olmamısınız? Elə isə tələsin. Burda çox şey görəcəksiniz. Gördükləriniz heç vaxt yadınızdan çıxmayacaq.
 Qədim və müasir Qəbələ. Qədim Qəbələnin tarixi 2500-3000 min il əvvələ gedib çıxır. Müasir Qəbələ isə geniş, rahat asfalt yolları və küçələri, möhtəşəm binaları, beynəlxalq aeroportu, dünya səviyyəli konqres salonu, beşulduzlu hotelləri, yaraşıqlı parkları, idman meydançaları, istirahət mərkəzləri olan modern şəhərdir.
Keçmişdən başlayaq. Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşən Qəbələ qüdrətli Alban dövlətinin baş şəhəri olub. Tarixçilər onu əfsanəvi Babil, Troya, Pompey kimi şəhərlərə bənzədirlər. Qəbələyə kimlər göz dikməyib? Eramızın birinci əsrində romalılar, sonra sasanilər, daha sonra xəzərlər, ərəblər, qıpçaqlar... Əsrlər boyu amansız hücumlara mərdliklə sinə gərən Qəbələ şəhəri tarixin yaddaşına alınmaz, məğlubedilməz qala-şəhər kimi daxil olub. O uzaq keçmişdən bu günümüzə uçuq qala divarları və bir neçə bürc nişanə qalıb. Qüdrətli ordulara sinə gərən Qəbələ tarixin acı küləklərinə tab gətirə bilməyib.
Qafqaz Albaniyasının təxminən 900 illik bir dövrdə paytaxtı olmuş qədim Qəbələ şəhərini əhatə edən qala divarlarının qalıqları rayonun Çuxur Qəbələ kəndindədir.  Qala bişmiş kərpicdən, çay və karxana daşlarından tikilib. Müdafiə xarakterli xəndək şəhər xarabalığını iki hissəyə ayırır. Yerli əhali xəndəkdən şimal tərəfdəki hissəni “Səlbir”, cənub tərəfdəki hissəni isə “Qala” adlandırır. “Səlbir” deyilən ərazidə şəhərin qala divarları daha yaxşı vəziyyətdə qalıb. Burada 10 bürc, iki böyük və bir kiçik darvaza yeri var. “Qala” adlanan yerdə isə  yarımdairəvi formada tikilmiş dörd əzəmətli bürc və bürcləri birləşdirən divarlar nəzərə çarpır. Qazıntı zamanı burada çoxlu divar və döşəmə qalıqları, ocaq yerləri, təndirlər, dulusçu kürələri, həmçinin sümük və daş əşyalar, qədim mis pullar tapılıb.
Dövlət Tarix Mədəniyyət Qoruğu statusu verilən ərazi 480 hektarı əhatə edir. Qoruq dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil edilib. Bundan başqa rayonda onlarla digər tarix və mədəniyyət abidəsi var: Böyük Əmili və Nic kəndlərində alban məbədləri, Bum qəsəbəsində XIX əsrə aid məscid, Bayramkoxa kəndində IX-XIV əsrlərə aid Ustacan qalası, Həzrə kəndində XV əsrə aid Şeyx Bədrəddin və Şeyx Mansur məqbərələri...
Uzaq keçmişdən qayıdaq bu günümüzə - müasir Qəbələyə. Öz simasını az qala hər gün dəyişən və gözəlləşən müasir Qəbələ Azərbaycanın əsas turizm məkanlarından biridir. Burada turistlərə yüksək səviyyədə restoran və otel xidmətləri göstərilir. Sıx meşə ilə örtülmüş dağların əhatəsində, təbiətin ən gözəl guşələrində Cənubi Qafqazda analoqu olmayan Lunapark və digər turizm obyektləri  sıralanır. Rayonda qış turizminin inkişafı layihəsi də həyata keçirilir. Dağlarda xizək sürmək və digər qış idman növləri ilə  məşğul olmaq üçün qurğular tikilir. Qəbələ həmçinin beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir. Şəhərdəki Heydər Əliyev Konqres Mərkəzində hətta dövlət başçıları səviyyəsində zirvə görüşləri keçirmək imkanı var.
Bu da baş verdi və 2013-cü il  avqustun 16-da  Qəbələ Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısına ev sahibliyi  etməklə adını bir daha  tarixə yazdı.
Ənənəvi Qəbələ Beynəlxalq musiqi festivalının sorağı da dünyanın hər yerinə yayılıb. Festivala hər il məşhur musiqiçilər və bəstəkarlar, tanınmış ifaçılar toplaşırlar.
Qəbələ ilin bütün fəsillərində qonaq-qaralı olur. Ayna göllər, gur şəlalələr və çaylar, buz bulaqlar, zümrüd meşələr, zirvəsi daim qarlı dağlar bir tamaşadır, iki göz istəyir baxsın. Yeddi Gözəl şəlaləsi isə daha məşhurdur. Yeddi qatdan ibarət olan bu şəlalənin ilk 3-4 qatına hamı qalxa bilər. Amma sonrakı qatlara qalxmaq hər oğulun işi deyil. Hətta insanlar arasında bununla bağlı bir inanc da yaranıb. Kim ürəyində niyyət tutub sonuncu - yeddinci şəlaləyə qalxa bilsə, mətləbinə qovuşar. 
Qəbələ özünəməxsus, dadlı-tamlı mətbəxi ilə də diqqəti cəlb edir. Növbənöv paxlavaları, qozla hazırlanan Həmzəli halvasını başqa heç yerdə görə bilməzsiniz. Döşəmə plov isə Qəbələ mətbəxinin şahı sayılır və ən hörmətli qonaq üçün bişirilir. 
Qəbələnin özəlliklərini sadalamaqla qurtarmaz. Burada həm böyüklərin, həm də uşaqların istirahət etməsi, əylənməsi üçün hər cür şərait var. Çalışın, bu fürsətdən yararlanın.