Təbiət

Heyvanlar aləminin “çempionları”

Xarici görünüşünə görə ən qəribə heyvan yakdır. Başı inək başına, quyruğu at quyruğuna, gövdəsi bizona, xəzi keçi xəzinə, buynuzu isə öküz buynuzuna bənzəyən bu heyvan eyni zamanda donuz kimi xoruldayır.
Ən iri yırtıcı heyvan Alyaska qonur ayısıdır. Onun uzunluğu 3 metrdən, çəkisi isə 700 kiloqramdan çoxdur.
Ən gönüqalın heyvan fil yox, Nil begemotudur. Onun dərisinin qalınlığı 2,5 santimetrə çatır. Halbuki filin dərisinin qalınlığı 1,8 santimetr, kərgədanınkı isə 2 santimetrdir.
Yırtıcı heyvanlar arasında ən kiçik ürəyin sahibi şirdir. Suda batmayan heyvan isə oxlu kirpidir. O, içərisində hava olan tikanları sayəsində heç vaxt suda batmır.
Sünbülqıran ən dərin yuxuya gedən heyvandır. Qış yuxusu zamanı bu heyvanın dərisini soysaq, yerdə diyirlətsək və ya əlimizlə dartışdırsaq da o, yuxudan ayılmır. Sarı sünbülqıranlar ilin doqquz ayını yatır.