Xəbərlər

Az kalorili, çox faydalı – pəhriz rasionunda moruğun əvəzsiz rolu

Yay mövsümünün ən sevilən giləmeyvələrindən olan moruq zəngin vitamin və mineral tərkibi, yüksək antioksidant xüsusiyyətləri ilə sağlam qidalanmada mühüm yer tutur. Bu meyvə orqanizmin immun sistemini gücləndirməyə, həzm prosesini yaxşılaşdırmağa və ürək-damar sağlamlığını qorumağa kömək edir.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Dövlət Aqrar Universitetinin dosenti Hüseyn İdrisov moruğun insan sağlamlığı üçün faydalarından danışarkən deyib.

 

Onun sözlərinə görə, moruq C, A, E və K vitaminləri, eləcə də kalium, maqnezium, manqan və pəhriz lifləri ilə zəngindir. Bu zəngin tərkib orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır, hüceyrələri sərbəst radikalların zərərli təsirindən qoruyur və sağlam qocalma prosesini dəstəkləyir.

 

“Moruğun tərkibində olan təbii antioksidantlar iltihabi proseslərin azalmasına kömək edir, ürək-damar sisteminin fəaliyyətini dəstəkləyir. Meyvədəki pəhriz lifləri həzm sisteminin normal fəaliyyətini təmin edir, bağırsaq mikroflorasının sağlamlığını qorumağa kömək edir və uzun müddət toxluq hissi yaradır. Bu xüsusiyyətlərinə görə moruq sağlam qidalanma proqramlarında geniş istifadə olunur”, – deyə Hüseyn İdrisov bildirib.

 

Mütəxəssis qeyd edib ki, moruq aşağı kalorili meyvə olduğundan bədənin çəkisini nəzarətdə saxlamaq istəyən insanlar üçün də yaxşı seçim hesab olunur. Bununla yanaşı, meyvə yığılarkən və ya alındıqdan sonra yaxşı yuyulmalı, uzun müddət otaq temperaturunda saxlanılmamalıdır. Çünki moruq zərif quruluşa malik olduğundan tez xarab olur.

 

Mövsümündə istehlak edilən təzə moruq daha yüksək qida dəyərinə malikdir. Meyvə soyuducuda qısa müddət saxlanmalı, artıq hissəsi isə dondurularaq ilin digər fəsillərində də istifadə edilə bilər.3

 

Hüseyn İdrisov əlavə edib ki, nadir hallarda bəzi insanlarda moruğa qarşı allergik həssaslıq müşahidə oluna bilər. Buna görə də ilk dəfə istifadə edənlər və ya allergiyaya meyilli şəxslər meyvəni ehtiyatla qəbul etməlidirlər.